Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Bakı" – "İnter" qarşılaşması xoşagəlməz hadisə ilə başa çatdı. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi Etto həm insanlığa, həm də futbolçuya yaraşmayan hərəkətlə "bankirlər"in hücumçusu Baçana Sxadazeni çox ciddi şəkildə zədələdi.
Bəs görəsən Etto, "Bakı" tərəfi gürcü hücumçudan buna görə üzr istəyibmi, onun durumu ilə maraqlanıbmı? Ötən gün "Bakı" rəsmisi saytımıza müsahibəsində Sxadadzenin durumu ilə maraqlandıqlarını bildirmişdi. Lakin Baçanadan aldığımız bilgiyə görə, Etto etdiyi hərəkətdən sonra rəqibindən üzr istəmək haqda düşünmək belə istəmir. "İnter"in forvardı nəinki futbolçunun, heç "Bakı" klubunun da onun durumu ilə maraqlanmadığını bildirib:

"Futbol oyundu, biri qazanar, biri uduzar. "Bakı" yaxşı komandadı. Amma bu qarşılaşmada biz güclü idik. Mən heç bir zaman rəqib futbolçuya qarşı bu cür hərəkət etməzdim. Bunu bilmədən etsəm belə, ondan üzr istəyərdim. Vəziyyətim yaxşı deyil. Ola bilsin ki, müayinə üçün Almaniyaya yollandım. Başımda və gözümdə ağrılar var".

 
Hər halda "Bakı"nın icraçı direktoru Yaşar Seyidovun da, Sxadadzenin də dedikləri müəyyən nəticə çıxarmağa əsas verir. Bu nəticəni çıxarmağı hər kəsin öz öhdəsinə buraxırıq. Amma Ettonun bu hərəkətinə görə ən azı quruca üzrxahlıq etməsi heç də pis olmazdı. Ən azından o da Baçana kimi futbolçu olduğuna görə…
 
KƏMALƏ İSMAYILOVA
Shares: