Topaz Premyer Liqasının son turunda baş tutan "Sumqayıt" – "Neftçi" qarşılaşması bir sıra qalmaqallarla yadda qaldı. Futbolinfo.az xəbər verir ki, bunlardan biri də "Sumqayıt"ın kapitanı Samir Abbasovun görüşün baş hakimi Fariz Yusifovu söyməsi oldu.
 
Abbasov oyunun 90-cı dəqiqəsində "Neftçi"nin müdafiəçisi Erik Ramosun cərimə meydançasında əllə oynamasına baxmayaraq, hakimin penalti təyin etməməsinə dözə bilməmişdi. O, Yusifovdan "niyə penalti vermirsən" soruşduqda isə, FİFA referisi "əcəb edirəm, yaxşı …" demişdi ki, bu da "Sumqayıt"ın kapitanını özündən çıxarmışdı. Bunun nəticəsində Abbasov hisslərini cilovlaya bilməyərək Yusifova eyni tərzdə cavab vermiş və qırmızı vərəqə almışdı.
 
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirildi və Samirə bu hərəkətinə görə 4 oyunluq cəza verdi. Təcrübəli futbolçu saytımıza açıqlamasında bu qərarla bağlı fikirlərini bölüşüb:
 
"Bu qərarı gözləyirdim. Ancaq cəzamın neçə oyunluq olacağını bilmirdim. Qanunlar bunu tələb edirsə, razılaşmaq lazımdı. Komandamı pis vəziyyətdə qoyduğum üçün özümü günahkar hesab edirəm. Lakin hakimi söydüyümə görə heç də peşman deyiləm".

 

Shares: