19 yaşlılardan ibarət milli komandamız AÇ-nin seçmə mərhələsində ermənilərlə bir qrupa düşəndə istər adi azarkeşlər, istərsə də KİV əllərini əllərinə sürtdü. Hə, tarix boyunca futbol meydançalarında ermənilərə uduzmamağımız əhval-ruhiyyəmizi qaldırdı ki, hamı başladı tarixi vərəqləməyə. Nəticədə məlum oldu ki, biz indiyə qədər erməniləri 7 dəfə udmuşuqsa, onlar hələ də bizi məğlub edə bilməyiblər. Kimin nə fikirləşdiyini deyə bilmərəm, mənim "əla, "qaz"ı növbəti dəfə yolacağıq" səpkili fikir beynimdən keçmədi. Bunun üçün yetərincə səbəblərim var.
Təsəvvür edin ki, tanış-bilişləriniz xoruz döyüşdürür, siz də əlinizə toyuğu alıb küçə-küçə gəzib toyuq döyüşdürmək istədiyinizi elan edirsiz. Gülməlidi, deyilmi? Məsələ ondadı ki, biz hələ indiyə qədər ermənilərlə xoruz güləşdirməmişik, nəyə sevinirik? Bir dəfə əsas milli komandamız seçmə mərhələdə onlarla bir qrupa düşdü, onda da təhlükəsizlik məsələləri gündəmə gəldi və UEFA 2 görüşü ləğv etdi. Yəni buna bir "quş", bir "xoruz".
Bəli, iddia edə bilərik ki, Azərbaycanda klub futbolu Ermənistanla müqayisədə inkişafdadı. Tutaq ki, bu gün avrokuboklarda bir klubumuz ermənilərlə düşsə, onu parçalayacağıq! Buna heç kim şübhə edə bilməz. Həqiqətən də Ermənistan komandaları Avropada ən zəifdi. Təsadüfi deyil ki, ötən mövsüm Ermənistan çempionu ÇL-ə birinci mərhələdən başladı. Halbuki, digər MDB komandaları mübarizəyə ikinci mərhələdən qoşuldu. Amma gəlin, klub səviyyəsində yüksəkdə olduğumuza görə sinəmizə döyməyək. Futboldan yaxşı başı çıxmayan da bilir ki, Azərbaycan futbolu pulun hesabına bura gətirilən legionerlərin sayəsində güclüdü. Bu dəqiqə "pul krantı"nı bağlasan, legioner damcıları kəsiləcək və futbolumuz əski günlərinə qayıdacaq. Ona görə də biz bu imtiyazın sayəsində güclüyük. Ancaq həqiqi futbolçu ixracatından danışmalı olsaq…
Düzü, acı həqiqət də olsa, bunu etiraf etməliyik. Hazırda Ermənistan millisinin aparıcı üzvləri aparıcı liqalarda legioner həyatı yaşayır. Məsələn, Mxitaryan ÇL-in son finalçısı Dortmund "Borussiya"sının şərəfini qoruyur. Araz Özbilis və Yura Movsisyan Moskva "Spartak"ının mühərrikləridi. Hələ mən Rusiya Premyer Liqasında "Ural"ın şərəfini qoruyan 3 ermənidən danışmıram. Danışmalı olsam, Ukrayna çempionatında forma geyinən "dığalar"dan da söz salaram. Amma dəyməz! Çünki bizim onların müqabilində ortaya qoyacaq səviyyəli legionerimiz yoxdu. Bir dənə "Rubin"də Abışov soyadlı "göz muncuğumuz" var, onu da Kazana ehtiyat oyunçular skamyasında komandanı dəstəkləyən azarkeş kimi yollamışıq. O da indi söz-söhbət var ki, "Qəbələ"yə qayıda bilər.
Nəyimizlə öyünürük? Əjdaha bizlik deyil, amma toyuq döyüşdürmək də baş ucalığı deyil. Faydalı iş əmsalımız ermənilərlə müqayisədə aşağıdadı. Pulun, legionerlərin hesabına qazandığımız epizodik uğurlardan yalnız qısametrajlı film çəkə bilərik. Ermənistan millisi son 2 seçmə mərhələdə az qala pley-offa adladı. Slovakiyanı səfərdə 4:0 hesabıyla üstələdikdən sonra növbəti tsikl Kopenhagendə Danimarka millisiylə eyni ssenari yaşandı. Biz adicə Lüksemburqu səfərdə uda bilməmişik və tarix boyunca rəqib meydanında yalnız Lixtenşteyni üstələmişik. Gənc yaşlıların erməniləri udmağı gözə kül üfürməkdən başqa bir şey deyil. Gəlin özümüzü aldatmayaq!
MURAD





