“Futbolinfo.az” saytı Azərbaycanın bank sektorunda özünəməxsus yer tutan “Yapı Kredi Bank Azərbaycan”ın öz əməkdaşları arasında keçirdiyi futbol turnirini işıqlandırmaq üçün xüsusi reportajı təqdim edir. Əməkdaşımız Amin Nəzərli adıçəkilən çempionat və onun gedişatı ilə yaxından tanış olmaq üçün Bakıda yerləşən, matçların təşkil olunduğu stadionda olub.
Əvvəlcə turnirin tarixçəsi haqda qısa məlumat verim ki, ölkənin 3 ən böyük şəhəri – Bakı, Gəncə və Sumqayıtda fəaliyyət göstərən Yapı Kredi Bank rəhbərliyi işçilərinin asudə vaxtını səmərəli keçirmək məqsədilə belə bir turnirin təşkil olunması barədə Türkiyədə yerləşən mərkəzə müraciət edib. Daha sonra mərkəzdən də bu təşəbbüsü müsbət qarşılayıblar.
Reqlamentə əsasən, hərəsində 6 və 7 olmaqla turnirdə 13 komanda iki qrupda cəmləşib. Hər qrupda ilk iki yeri tutan komandalar yarımfianal vəsiqə qazanacaq. Yarımfinalların qalibləri isə finalda çempionluq adı uğrunda mübarizə aparacaq.
Məlumat üçün bildirim ki, bu çempionat Azərbaycanda bankdaxili ilk böyük turnirdi. Hansı ki, bu vaxta kimi ümumilikdə ölkə banklarının yığmaları arasında çempionat mövcud olub.
Onu da qeyd edim ki, turnirdəki qarşılaşmaları AFFA-dan dəvət olunmuş referilər idarə edir.
Çempionatın təşkil olunmasında YapıKredi Bank rəhbərliyinin məqsədi işçilərin təkcə iş mühitində deyil, asudə vaxtlarda da görüşərək kollektivçilik ruhunu yüksəltmək və banklararası futbol çempionatına yollanacaq heyəti müəyyənləşdirməkdi.
Hal-hazırda turnirdə mübarizə aparan komandaların siyahısı və onların qruplardakı göstəriciləri ilə aşağıda yaxından tanış ola bilərik:
A qrupu O X
1. Sumqayıt şöbəsi 5 15
2. Qartallar 5 12
3. Kassa 5 9
4. İnfotex 5 6
5. Dərnəgül şöbəsi 5 3
6. C.Cabbarlı şöbəsi 5 0
B qrupu O X
1. DST 5 12
2. Yeni Günəşli 5 12
3. Sift 5 10
4. Əməliyyat 5 8
5. Dev Stars 5 4
6. Kredit Yunayted 5 3
7. Əhmədli şöbəsi 5 3
Turnir barədə daha ətraflı məlumat almaq üçün təşkilatçılardan biri ilə apardığımız qısa söhbəti təqdim edirik.
– Əvvəlcə təşkilatçı kimi turnir haqqında sizdən öyrənmək istərdik. Çempionat necə başladı və hansı reqlament əsasında keçirilir?
– Əvvəla deyim ki, ilk olaraq bu ideya may ayında rəhbərlik qarşısında qaldırılıb. Bunadək bankın daxilində cəmi 4 komanda var idi. Daha sonra ideyanın reallaşma ehtiamlı gücləndikcə, hər filial və şöbə öz komandası ilə çempionatda iştirak etmək istədi. Müəyyən səbəblərdən ötrü turnirin başlama vaxtı gecikdi. Nəhayət oktyabrın 13-də püşkatma keçirildi. Beləcə qruplar və matçların tarixi müəyyənləşdi.
– Qeyd etdiz ki, əvvəlcə bankdaxili 4 komanda var idi. Həmin 4 komandanı bu turnirdə favorit hesab etmək olarmı?
– Onsuz da püşkatma zamanı iki səbət müəyyən etmişdik: güclülər və zəiflər. Hansı ki, güclülər səbətində həmin 4 komanda var idi və bu komandalar iki-iki qruplara paylandı. Amma heç gözləmədiyimiz şəkildə digər komandalar arasında da sürpriz nəticə göstərənlər var. Odur ki, əvvəlcədən hər hansı komandanı favorit göstərmək çətin olardı.
– Bildiyim qədəriylə bu Azərbaycanda bank daxilində keçirilən ilk böyük turnirdi. Bu hal sizi Azərbaycandakı digər banklardan bir addım önə çıxarırmı?
– Əlbəttə. Buna qədər bəzi banklarda 4-6 komandadan ibarət daxili futbol çempionatı təşkil olunmuşdusa, biz 13 komanda ilə bir ilkə imza atdıq. Hansı ki, bu layihə təxminən 130 işçini bir araya gətirir.
– Az öncə matçı izləyərkən oyunu AFFA-dan olan hakimlərin idarə etdiyini gördüm…
– Bəli, çempionat tamamilə mini futbol oyununun qaydaları əsasında keçirilir və hamısı AFFA-dan olan peşəkar hakimlər tərəfindən idarə olunur.
– Turnirin təşkil olunmasında əsas məqsəd nədi?
– Birincisi işçilərin boş vaxtını səmərəli keçirmək, ikincisi bankın ümumi yığma komandasını müəyyənləşdirmək üçün oyunçuların çıxışını canlı müşahidə etmək, üçüncüsü isə eyni şirkətin işçisi olsa da, əvvəllər bir-biri ilə canlı ünsiyyətdə olmamış işçiləri bir araya gətirmək.
– Çempionatın gələcəyi barədə nə deyə bilərsiz? Turnir davamlı olacaqmı?
– 22 dekabrda final oyunu baş tutacaq. 23 dekabrda isə bank tərəfindən təşkil olunan yeni il şənliyində mükafatlandırma mərasimi olacaq. Bundan baçqa çalışacağıq ki, hər il ənənəvi olaraq bu turniri keçirək.
– Son olaraq əlavə etmək istədiyiniz nəsə varmı?
– YapıKredi Bankın rəhbərliyinə bizə bu cür şərait yaratdığı üçün təşəkkür edirik. Hansı ki, çempionatın ərsəyə gəlməsi üçün böyük maliyyə vəsaiti xərclənib. Eyni zamanda Bank kollektivi adından sizə və “futbolinfo.az” saytının rəhbərliyinə minnətdarıq ki, turnirimizlə yaxından maraqlanıb gəlmisiz. Ümid edirəm əməkdaşlığımız gələcəkdə də davam edər.
Biz də “futbolinfo.az” saytı olaraq Yapı Kredi Banka futbola və əməkdaşlarına bu cür layihələrlə dəyər verdiyi üçün təşəkkür edir, onlara gələcək işlərində uğurlar arzulayırıq. Sonda hansı komandanın çempion olacağından asılı olmayaraq, bir şeyin qaznacağına ümid edirik: dostluq…
AMİN





