Ölkə kubokunun “Qaradağ Lökbatan” – “Rəvan” oyunu həm də gərginliyi ilə yadda qaldı. Futbolinfo.az xəbər verir ki, futbolçuların hər top uğrunda sonadək mübarizəsi, bir-birinə güzəştə getməməsi matçı daha da maraqlı edirdi.
 
Oyuna azarkeş marağının az olması üzündən tribunalar boş qalmışdı ki, bu da futbolçuların meydanda nə danışdıqlarını rahat eşitməyə imkan verirdi. Amma tribunalar dolu olsaydı belə, lökbatanlıları eşitmək problem olmazdı. Bir-birinə uca səslə qışqıran, iradlarını bəzən söyüşlə bildirən komanda üzvlərindən kapitan Ramal Hüseynov daha fəal idi. 2 dəfə penalti epizodunda səhv edən Ömər Paşayev bir qədər cəsarətli olsaydı, yarımmüdafiəçi hələ ilk yarıda meydandan qovulmalıydı. Rəqib futbolçulardan Mişel Balokoqu və Frederik Holsteri ayrı-ayrı epizodlarda söyən, yoldaşlarıyla ünsiyyəti isə yazılması mümkün olmayan sözlərlə quran Ramala təkcə bu oyuna görə 2-3 qırmızı vərəqə vermək olardı. Amma oyunçusunun nazıyla oynayan baş məşqçi Adil Mahmudov kimi hakimlər də onun hərəkətlərinə göz yumdu.
 
Matçın son dəqiqəsində isə “Rəvan”ın kapitanı Rəşad Abdullayevin də səsi çıxdı. Onun öz-özünə deyinməsi tribunalarda da eşidildi: “Bunlar nə qədər danışır? Lap başım şişdi”.
Shares: