"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli bu gün keçirilmiş Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsi çərçivəsindəki "Neftçala" ilə oyundan (4:0) sonra futbolinfo.az saytına müsahibə verib. Debüt matçı uğurlu alınan türkiyəli mütəxəssis öncə bunları söyləyib:
– Artıq yeni bir komandadayam. Burada ölkəmi təmsil edirəm. Bugünkü oyunda belə bir nəticə qazanmaq bizim üçün önəmli idi. Artıq çempionatda yaxşıya doğru getmək lazımdı. Bunun üçün məşqlərə və çalışmalara başladıq. Hər keçən gün komandanı, futbolçuları, Lənkəran şəhərini, Azərbaycan Premyer Liqasını daha yaxşı tanıyacam. Hər keçən gün bizim üçün üstünlük olacaq. Azarkeşləri sevindirmək üçün daha çox çalışmalıyıq və bunu da edəcəyik. Burada Azərbaycan futboluna “Xəzər Lənkəran”la birlikdə yeni bir yol açmaq istəyirik. Bu həm komandamız üçün, həm də Azərbaycan futbolu üçün önəmlidi. Hələ çox tezdi. Premyer Liqadakı durumumuz çox pisdi. Onu yaxşı vəziyyətə gətirməliyik. Qış fasiləsinə qədər 3 oyunumuz qalıb. Həmin oyunlarda qalib gəlməliyik ki, bu ili yaxşı bitirək. Çempionluq yarışında geri qalmışıq. Amma irəliləyən həftələrdə bizim üçün nələr olacaq, onu görəcəyik. İlk oyun etibarilə komandamızın bugünkü çıxışı yaxşı idi. Futbolçularıma sərgilədikləri oyuna görə təşəkkür edirəm. Təbii ki, ilk oyunda belə nəticə bizi sevindirməyə bilməz. Premyer Liqada da xal qazanmaq lazımdı. Bunun üçünsə hər kəs üzərinə düşəni etməlidi.
– Hesab 4:0 olandan sonra meydanda eksperiment aparırdınız?
– Premyer Liqada hər bir futbolçumuza ayrı-ayrı iş düşəcək. Zədələr ola bilər, cəzalar ola bilər. Bütün futbolçuları tanımalıyam. Qarşıda onları daha yaxşı tanımaq üçün fürsətlərim olacaq. Bu oyunda şans verdiyim bəzi futbolçular “İnter”lə oyunda oynaya bilməyəcəklər. Alternativləri görmək üçün bəzi dəyişikliklər etdim. Bəzi futbolçuları tanıyıram, tanımadıqlarımı da tanımaq istəyirəm. Hər oyunda belə dəyişikliklər olacaq ki, futbolçularıma bələd olum.
– “Xəzər Lənkəran” çempionluq uğrunda yarışda çox geri qalıb. Əsas hədəf yəqin ki, kubok olacaq. O kuboku azarkeşlərə söz verə bilərsiz?
– Həm Premyer Liqada, həm də kubokda oyunlarımız var. Çempionatda nə ilə qarşılaşacağımızı bilmirik. Qarşıda çox oyun var. Premyer Liqa hər şeyin baş verə biləcəyi bir yarışdı. Önümüzdə 20-dən çox oyun var. Orada hara qədər gedə bilərik, sonda tutduğumuz yer necə olacaq, onu bilmirik. Mövsümdə əlimizdən gələnin ən yaxşısnı etməliyik. Uğur üçün bir yol Premyer Liqa, bir yol da kubokdu. Hər ikisində mübarizə aparacağıq. Premyer Liqada vəziyyətimiz yaxşı deyil. Bunu dəyişdirə bilsək, çox yaxşı olacaq. Bir möcüzə edə bilərik. Futbol möcüzə gerçəkləşdirmək üçündü. Qarşıda önəmli oyunlarımız var. Çox geridəyik. Hər şeyə təsir etməliyik. Rəqiblərimizin öz aralarında oynayacaq oyunları var. Əgər Premyer Liqanın sonunda yaxşı bir nəticə qazansaq, Azərbaycanda olmağımızın dəyəri ortaya çıxar.
– Junior Nildoya azarkeşlərin nifrəti var. Bunu əvvəlcədən bilirdinizmi? Etame Mbillanın meydana start heyətdə çıxmasının səbəbi bu idimi?
– Yox, bunu bilmirdim. İlk izlədiyim oyunda Nildo penaltini qaçırmışdı, amma azarkeşlərin bu qədər narazılıq etməsini görmədim. Bunun nədən irəli gəldiyini anlamıram. Əgər futbolçu ilə azarkeşlər arasında problem varsa, bunu düzəltməyə çalışacağıq. Azarkeş öz komandasını dəstəkləməlidi. Nildo ilə problem varsa, bunu düzəltməliyik ki, hər şey sonunda yaxşı olsun.





