AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi
 
– Əvvəlcə "Qarabağ"la oyun haqda fikirlərinizi bildirərdiz…
– Komanda pis təsir bağışlamadı. Ancaq son dəqiqələrdə buraxılan top bizim ümidimizi puç etdi. Bütövlükdə götürəndə komanda pis oynamadı.
 
– Premyer Liqada "Qarabağ"la 2 oyun keçirmisiz. Bunların birində qələbə qazanmısız, digərində isə meydanı sülhlə tərk etmisiz. Bəs dünənki kubok oyununda məğlubiyyətinizə nə səbəb oldu?
– Bu, idmandı, hər bir nəticə ola bilər. Əgər bir oyunda qələbə qazanırıqsa, heç-heçə ediriksə, bir oyunda da məğlub olmalıyıq. Rəqib də hazırlaşır və bizi analiz edir. Mən bu problemlərdən danışmaq istəmirəm. Hər oyunda kadr problemləri ilə üzləşirik. AZAL demək olar ki, hücumçusuz çıxış edir. Əgər biz qələbə qazanmaq istəyiriksə, gərək hücumda güclü olaq.
 
– Aleksandr Şemonayevin qırmızı vərəqəsinə etiraz etdiniz…
– İkinci "sarı"da qayda pozuntusu var idi. Amma Şemonayev birinci sarı vərəqəni almamalıydı. O, cərimə meydançasında bilərəkdən yıxılmamışdı. Fikrimcə, orada simulyasiya yox idi. Hər bir insan səhv edə bilər. Bu oyunda da hakim səhvləri çox idi. Amma əsas qərəzin olmamasıdı. Ən vacib olan budu.
 
– Bir neçə gündən sonra Premyer Liqada "Rəvan"la qarşılaşacaqsız…
– Komanda dünənki oyunda çox güc sərf edib. Bundan başqa psixoloji cəhətdən gərginlik var. Bunun da səbəbi kubokla vidalaşmağımızdı. Bu da istər-istəməz öz təsirini göstərir. Nəzərə alsaq ki, Vladimir Boqdanoviç, Branislav Arsenyeviç və Junior Aylton oynamayacaq, demək olar ki, bizim üçün çətin oyun olacaq. Bütün bunlara baxmayaraq bizə qələbə lazımdı.
 
– İki yerli baş məşqçinin duelindən futbol azarkeşlərinə nə vəd etmək olar?
– Yaxşı, məzmunlu, gözəl bir oyun vəd etmək olar. Ədalətli oyunda qələbəyə layiq olan tərəf meydanı 3 xalla tərk edəcək.
 
– "Rəvan"la ilk qaşrılaşmada meydandan sülhlə ayrılmışdınız. O vaxt rəqib komandaya Vladislav Qədirov rəhbərlik edirdi, indi isə Şahin Diniyev…
– Biz meydana qələbə üçün çıxacağıq. Yalnız qələbəyə köklənmişik.
 
– "Rəvan"dan sonra Zaqatalada "Simurq"la və Bakıda "Neftçi" ilə çətin oyununuz var…
– Bizim hər oyunumuz ağırdı. Həmişə olduğu kimi, bu oyunlara da yaxşı köklənəcəyik. Hesab edirəm ki, komanda bu oyunlara da istədiyimiz kimi hazırlaşacaq.
 
– Heyətdəki problemləri nəzərə alsaq, AZAL fasiləyə neçənci pillədə yollana bilər?
– Mümkün olduğu qədər yuxarı pillələrə qalxmaq istəyirik. Bu səbəbdən qalan 3 oyunda yalnız qələbə üçün meydana çıxmalıyıq.
 
– Sizlə ötən söhbətlərimizin birində qışda heyətdəki mövqeləri gücləndirəcəyinizi, transferlərin olacağınızı bildirmişdiniz. Artıq gözaltı etdiyiniz oyunçular var?
– Hələ ki, adlar yoxdu. Mən hər bir mövqeyə oyunçu axtarıram. Bizə əsasən hücuma dəstək verən, hücumu gücləndirən futbolçular lazımdı.
 
– Avrokuboklara çıxış yolunuzun biri bağlandı. Kubokdan kənarlaşdınız üçün yeganə ümid yeriniz Premyer Liqadı. Burada da komandanın vəziyyətinə yaxşı demək olmaz…
– Səbr etmək lazımdı. Hələ qarşıda 21 oyunumuz var. Bəzi şeyləri dəyişmək olar. Hər bir məşqçi, hər bir komandanın hədəfləri böyük olmalıdı. Hələ ki, nəyisə dəyişmək olar.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: