Bu gedişlə “Neftçi”nin dostu qalmayacaq. “Bakı” çoxdan paytaxtın əsl rəisi ünvanı üçün flaqmanlarla mübarizədədi, “Xəzər Lənkəran”la rəqabət bəllidi, “İnter” də mehriban düşmən təsiri bağışlayır. “Qarabağ” isə ötən mövsüm Anar Salmanovun təyin etdiyi qərəzli penaltidən sonra körpüləri yandırıb.
İndi “Neftçi” iddia edə bilər ki, bütün bunların səbəbi komandanın ardıcıl 3 mövsüm çempion olmasıdı. Guya ki, meydanda bakılılara məğlub olan rəqibləri onların uğurlarını qısqanır və özləri bunu bacarmadıqları üçün “Neftçi”ylə yola getmirlər. Ancaq yaddaşımızı qurcalamaqla bunun belə olmadığını görə bilərik.
Həmişə təvazökar açıqlamalariyla diqqət çəkən, ən əsəbi vaxtlarda belə barışdırıcı olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun son açıqlaması isə vəziyyətin hansı həddə olduğunu göstərdi: "Flavinyonun bağışlanılmasını gözləyirdim. Eşidəndə normal qarşıladım. Ümumiyyətlə, hər il belə hallar olur. "Neftçi" lazımi anda tədbir görür və və onların lehinə qərarlar qəbul olunur. Tendesiya deməzdim. Mən də istəməzdim ki, komandama qırmızı vərəqə verilsin və bu, ləğv olunsun. Sabah eşitsəm ki, başqa futbolçu bağışlanılıb, yenə də təəccüblənmərəm. Qanun qanundu. Oyundan sonra qol ləğv olunmursa, vərəqələr də ləğv olunmamalıdı".
Təbii ki, Qurbanovun özündən çıxmasının səbəbi var. “Neftçi”nin açar oyunçusu olan braziliyalının mətbuatın təzyiqinə baxmayaraq, bağışlanması ağdamlıları narahat edir. Qurban bəyi ən çox narahat edənsə belə güzəştlərin yalnız “Neftçi”yə və yalnız həlledici məqamlarda edilməsidi. Axı, indi “Qarabağ” əvvəlki mövsümlərlə müqayisədə çempionluğa daha motivasiyalıdı və bakılıların ən əsas rəqibidi. Növbəti turda ilk iki pillənin sahibi olan bu komandaların üz-üzə gəlməsi isə Qurbanovu hadisələrə belə reaksiya verməyə məcbur edib.
“Qarabağ” Flavinyodan qorxacaq qədər aciz komanda deyil. Sadəcə, bu qərarın məhz bu oyundan öncə açıqlanması Ağdam klubunun düşərgəsindəki ab-havaya ciddi təsir edir. “Göz gördüyündən qorxar” deyiblər. Belə məqamda “Qarabağ” futbolçularının bazar günü matçına bərabər qüvvəylə çıxmayacaqlarını gözləməsi təbiidi. “Neftçi”nin prezidenti Sadıq Sadıqov əzələ nümayiş etdirib AFFA-nı istədiyi qərarı verməyə məcbur edə bilirsə, deməli, sabah hakimlərin obyektiv olacağınının da zəmanəti yoxdu. Bakılılar hətta qələbə üçün başqa yollara da əl ata bilər ki, son 3 çempionluğun reallaşma situasiyasını vərəqləsək, bunu görmək mümkündü. Ona görə də Qurban bəy bir növ qeyri-bərabər mübarizədə əlindən bir şey gəlməyib divarı döyəcləyən çarəsiz adam təsiri bağışlayır.
Rəqabətdə təmizlik, şəffaflıq görməyəndə isə insanın rəqibə qoluzorlu düşmən kimi baxması təbiidi. “Bakı” da “Neftçi”ylə belə düşmən olub, “Xəzər Lənkəran” da, “İnter” də. Və bu gedişlə “Qarabağ” da “biz qardaş komandayıq” devizindən əl çəkməli olacaq. Axı, qardaşın 1, 2, 3 haqsızlığına göz yummaq olar. Bıçaq sümüyə dirənəndə, Sadıq Sadıqovun əzələ nümayişi bütün sərhədləri aşanda Gözəl ailəsi də əks-həmləyə məcbur olacaq. O zaman ara qarışacaq, xaos baçlayacaq.
Hələlik Qurbanov danışır. Həm də qəzəbli danışır. Ola bilsin, bu, fırtınanın siqnallarıdı…
FƏRİD
P.S.: Bildiyimizə görə, hazırda hər iki tərəf qarşıdakı matçın hakimlərinin kim olacağını gözləyir. Həm də maraqlıdı ki, həm bakılılar, həm də ağdamlılar ədalət təmsilçilərinin rəqib komandanın toruna düşəcəyindən, onların lehinə qərar qəbul edəcəyindən ehtiyatlanır. Şəxsən mən belə oyunun hakimi olmaq istəməzdim. Çünki sonda istənilən halda məğlub olan narazılığını bildirəcək. Ancaq tarixə nəzər salsaq, bu baxımdan kimin “bəxtinin daha çox gətirdiyinin” şahidi olarıq.





