Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları geridə qaldı. Futbolinfo.az xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/4 finala bütün vəsiqələrin sahibləri müəyyənləşdi.
Artıq növbəti mərhələdə hansı klubların üz-üzə gələcəyi bəllidi. Çünki kubokun püşkü atılarkən bütün mərhələlərdə iştirakçıların potensial rəqibləri də müəyyənləşdirilmişdi. Amma biz bu yazıda komandaların bu titula sahib çıxma şanslarını dəyərləndirmək yox, başqa məqama diqqət çəkmək istəyirik.
Geridə qalan kubok matçlarında diqqətimizi çəkən məqamlardan biri "Topaz"ın Azərbaycan kubokunun sponsoru olmadığı halda, Premyer Liqa təmsilçilərinin formalarında bukmeker kontorunun loqosunun əks olunması idi. Avropa və dünya futbolunda bu, anormal hal kimi qəbul edilsə də, bizim klub rəsmiləri bunu Azərbaycan reallığı kimi qəbul edir. Halbuki hər yarışın öz sponsor olduğundan geyimlərdə də məhz onun loqosu əks olunmalıdı. Təsəvvur edin ki, “Neftçi” Avropa Liqası matçına üstündə “Topaz”ın loqosu olan forma ilə çıxır. Sizcə, bu, mümkündümü?
Düzdü, bizdə ölkə kubokunun sponsor yoxdu. Ancaq bu, o demək deyil ki, komandalar bu yarışda da “Topaz”ın reklamı ilə məşğul olmalıdı. Cin ayrı, şeytan ayrı…
Məsələ ilə bağlı saytımıza açıqlama verən klub rəsmiləri burada AFFA və PFL-i səhlənkarlıqda qınayır. Bəli, onlar bunu tələb kimi klubların qarşısına qoymalıydı. Lakin AFFA-da oturanlar da gözəl bilir ki, pulu sağa-sola dağıdan klublar o qədər qeyri-peşəkardı ki, mövsüm üçün kifayət qədər forma sifariş etməyiblər. Ona görə əgər belə bir tələb olsaydı, gərək klublar meydana tumançaq çıxardı. Amma yenə də bu məsələdə tələb olmalıydı. O zaman formadakı loqonun üzərinə kağız və ya parça yapışdırıb çıxmalı olacaq klublar biabırçılıqdan qaça bilməyəcəkdi. İndi isə klublar bütün məsuliyyəti məhz PFL-in üstünə atır və özlərini haqlı çıxarmağa çalışırlar.
Yaşar Seyidov, "Bakı"nın icraçı direktoru: "Siz bu məsələni düzgün qabartmısız. Reqlamentə əsasən, kubok oyunlarının sponsoru "Topaz" olmadığı üçün bu yarışlarda üzərində bukmeker kontorunun loqosu əks olunmuş formalar ilə oynamaq düzgün deyil. Peşəkar Futbol Liqasının buna etirazı olmadığı üçün biz də Premyer Liqada çıxış etdiyimiz formalarda oynamışıq. Biz çempionat üçün 4 ədəd forma sifariş etmişik. Hazırda Premyer Liqada 2 ədəd formadan istifadə edirik. Qalan 2 formanı isə ehtiyat üçün saxlamışıq. Ehtiyatda olan formaların üzərində heç bir loqo əks olunmayıb. İnşallah, Avroliqaya və ya Çempionlar Liqasına vəsiqə qazansaq, həmin yarışların loqosu formalarımızda öz əksini tapacaq".
Vaqif Qasımov, AZAL-ın vitse-prezidenti: “Dünən mən də oyunda idim. Düzü, buna fikir verməmişəm. Nə bilsinlər ki, "Topaz"ın loqosu ilə çıxış etmək olmaz? AFFA və PFL gərək sərəncam verərdi ki, kubok oyununda üzərində "Topaz"ın loqosu olan formada çıxış etməsinlər. AFFA və PFL qərar versəydi ki, üzərində "Topaz"ın loqosu olan forma ilə çıxış etməyin – guya biz buna əməl etməyəcəydik ki? Yarışın təşkilatçıları vaxtında klubları təlimatlandırmalıdılar ki, biz də işimizi bilək. Bilmirəm, başları nəyə qarışıb?”
Asif Əsgərov, "Qarabağ"ın meneceri: “Kubok matçında "Qarabağ"ın formasında "Topaz"ın loqosunun əks olunmasının elə də önəmi yoxdu. Çünki oyun canlı yayımlanmırdı. Azarkeş sayının da az olmasını nəzərə alsaq, fikrimcə, "Topaz"ı reklam etmədik. Formanın qolunda balaca bir loqonun olması elə də ciddi əhəmiyyət kəsb etmir. Düzdü, kubokun sponsoru deyilsə, həmin loqonun əks olunmasının qarşısın ala bilərdik. Ancaq bu məsələ ilə bağlı bizdən nəsə tələb etməyiblər”.
Elvin Yaqubov, "Rəvan"ın mətbuat xidmətinin rəhbəri: “Bu, Azərbaycan reallığıdı. Bu məsələdə PFL komandalara güzəşt edir. Bir neçə il bundan qabaq klublarımız Avroliqada oynadığı forma ilə çempionatda da çıxış edirdi. "Topaz"ın loqosunun formalarda əks olunması bu ildən qüvvədədi. Kubokun konkret loqosu olmadığından Premyer Liqada çıxış etdiyimiz forma ilə kubokda da oynayırıq. Kubokun loqosu olsaydı və qarşımıza belə bir tələb qoyulsaydı, daha yaxşı olardı. Komandamızın 3 dəst forması var. Qarşımıza belə bir tələb qoyulmayıb. Əgər tələb olunsaydı, buna əməl edərdik”.
Səbuhi Səfiyarlı, "Qəbələ"nin meneceri: “Bu məsələ ilə bağlı bizə göstəriş verilməyib. Düzdü, siz dediyiniz haqlı iradlardı. Biz hər zaman əsasnaməyə uyğun hərəkət etmişik. Bizdə forma problemi yoxdu. Futbolçularımız da hər oyundan sonra azarkeşlərə formalarını hədiyyə edirlər. Əgər qarşımıza belə bir tələb qoyulsaydı, biz də buna əməl etməyə borclu idik. Bu, "Qəbələ"nin forma kasadlığından irəli gəlmir”.
Rəşad Məmmədov, "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri: “Bizim 2 dəst formamız var, 3-cü formamız yoxdu. Premyer Liqada çıxış etdiyimiz formalarla kubokda oynamağımız məcburiyyətdən irəli gəlir. Düzdü, belə bir tələb olsaydı, bunun üçün müvafiq tədbirlər görərdik”.
Səbuhi Məmmədov, "İnter"in mətbuat xidmətinin rəhbəri: “Bizim qarşımıza bununla bağlı heç bir tələb qoyulmayıb. Azərbaycan kuboku yarışlarının sponsoru olmadığ üçün digərləri kimi, biz də qolunda "Topaz"ın loqosu olan forma ilə meydana çıxdıq. Başqaları necə, biz də elə. Çalışırıq ki, qaydalara uyğun davranaq”.
EMİN SƏFƏROV





