İnsanı digər canlılardan fərqləndirən ən əsas özəlliyi nitqdi. Hətta müdriklərdən biri insanı danışan heyvan kimi qələmə verib. Nə isə, canlıları bir kənara qoyub, insanlardan, daha doğrusu, bizim danışan futbolçulardan danışacam. Yox, deyəsən, yenə də "daha doğrusu" ibarəsindən istifadə edəcəm. Bizim futbolçulara danışan deyirəmsə, onda gərək natiqlərimizə və savadlı insanlarımıza "kosmonavt" deyim.
 
Bizim futbolçular danışmır, sadəcə, dayaz fikrini çatdırır. Məsələ ondadı ki, istər qəzetlərdə, istərsə də saytlarda onların müsahibələri və açıqlamaları ilə tanış olanda yalan olmasın, həyata nifrət edirsən. İlahi, bir insan nə dərəcədə bəsit danışar və şablon ifadələr səsləndirər. Bir ara Türkiyə futbolunda yerli oyunçular arasında "önümüzdəki matçlara bakıcaz" ifadəsi zərbi-məsələ çevrilmişdisə, sonradan bu sosial şəbəkələrdə və cəmiyyət arasında qınaq obyektinə çevrildi və nəticədə fikri heç bir futbolçu dilinə gətirmədi. Amma bizim ölkədə futbolçunun nə danışması və hansı fikirləri səsləndirməsi heç kimin vecinə deyil.
 
Stadionlarına hər oyuna orta hesabla 200 azarkeş toplaşan ölkədə futbolçunun necə oynaması heç kimə maraqlı deyilsə, onun danışması "dünəndən" azarkeş üçün əhəmiyyət daşımır. Amma biz jurnalistlər bunun əzabını çəkirik.
 
Ümumiyyətlə, mənə elə gəlir ki, bizim futbolçulardan açıqlama almaq və ya müsahibə götürməyə ehtiyac yoxdu. Hər hansısa bir jurnalist müsahibə almaq istədiyi futbolçuya suallar hazırlayıb özü onun yerinə cavablar da "icad edə bilər". Hətta deyərdim ki, bu krossvord həll etməkdən belə asandı. Və sizi əmin edirəm ki, futbolçunun adına müsahibə düzüb qoşduqdan sonra sabah həmin oyunçu onun adından yazdığınıza görə sizi məhkəməyə verməyəcək. Hətta "çox sağ ol" da deyəcək. Çünki həm vaxtını almamısız, həm də nə demək istədiyini olduğu kimi yazmısız. Futbolçularımızın hər uduzduqları oyundan sonra "pis oynamırıq, sadəcə, nəticə yoxdu, yeni qurulan komandayıq" və ya "bu sualları məşqçiyə ünvanlayın" tipli cümlə quruluşları (bağışlayın, amma mən bunu "fikir" və ya "münasibət" deyə bilmirəm) artıq kobud desək, məni xirtdəyə yığıb.
 
Əlbəttə, futbolçularımızın olduqca şablon ifadələr səsləndirməsinin bir səbəbi var: savadsızlıq! 1-2 futbolçumuzu istisna etsək, yerli oyunçular məktəb vaxtı olduqca pis oxuyublar. Bunun səbəbini soruşanda da "o vaxtı başımız futbola qarışmışdı, ona görə də oxumadıq" deyirlər. Yaxşı, bəs niyə Avropanın tanınmış oyunçuları müsahibə verərkən bəsit cümlələr qurmurlar? Onlar məgər universitet qurtarıblar? Sən məktəb dönəmində dərsdən qaçıb məşq edirdinsə, o parta arxasında əyləşdiyinə görə paslanmalı və ondan artıq çalışdığına görə daha yaxşı oynamalıydın. Amma nə onun kimi danışıq qabiliyyətin var, nə də ki oyunun. Əlbəttə, yaxşı danışmaq üçün savadın olması şərtdi. Amma inanın, yüksək təhsil heç də əsas baza deyil. İnsanın gərək qavramaq və görüb götürmək həvəsi olsun! Yaxşı danışmaq üçün kitab oxumaq şərt deyil. Adi bir kinodan o qədər mənalı ifadələr əxz edə bilərsən ki.
 
Məncə, burada ən əsas problem düşünməkdən doğur. Bizim futbolçular üçün düşünmək və təhlil etmək anlayışları yaddı. Həyata yalnız pul qazanmaq və kortəbii düşüncələrlə yanaşmaq onların nitq mədəniyyətini və danışıq tərzini də əlindən alıb. Cavid İmamverdiyev "Facebook"da "boş qapı" yazan azarkeşə baş qoşursa, nəyi qoyub nəyi axtarırıq. Ümumiyyətlə, alimlərin fikrincə, düşünmək inanmaqdan çətindi. Ona görə də, yerli futbolçularımız özünü əziyyətə verib nəyisə düşünməkdənsə, müxtəlif mövhumatçı dini cərəyanlara qoşulurlar. Futbolçu var ki, bir cümləsində 3 dəfə "inşallah" deyir. Amma hələ bir jurnalist tanımıram ki, bir futbolçumuzun heyrətamiz açıqlamasına görə 1 dəfə "maşallah" desin!
 
CAVAD
Shares: