Sabah uzun illərdən sonra Azərbaycan Super Kuboku uğrunda oyun keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu titul uğrunda son ölkə çempionu “Neftçi” ilə kubokun qalibi “Xəzər Lənkəran” mübarizə aparacaq.
 
Hər zaman qalmaqalla yadda qalan "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşmasını futbol ictimaiyyəti də səbirsizliklə gözləyir. Məhz bu marağı nəzərə alaraq, həmkarlarımız arasında sorğu keçirərək onlara bu suallarla müraciət etdik:
 
1. Qarşılaşmanın Naxçıvanda keçirilməsi oyuna maraği azaltmayacaq ki?
2. Bu komandaların az qala hər oyunu yadda qalır. Sizcə, bu dəfə də istisna olmayacaq?
3. Super Kuboku hansı komanda qazanacaq?

 
Mahir Rüstəmli ("Futbol+" qəzetini baş redaktoru): “Oyuna maraq nisbətən az olacaq. Çünki stadiona daha çox neytral azarkeşlərin gəlişi gözlənilir. Amma “Neftçi” azarkeşlərinin sayının daha çox olacağını düşünürəm. Ona grə ki, sovet dönəmindən bu yana hamı flaqmanı tanıyır. Cənub zonasından gələnlər azlıq təşkil edəcək. İnanmıram ki, azarkeşlər arasında iğtişaş olsun. Daha çox futbolçular arasında qalmaqal olacaq, nəinki azarkeşlər arasında. Bu oyuna proqnoz vermək istəməzdim. Amma son oyunları nəzərə alaraq "Xəzər  Lənkəran"ı kuboka bir addım yaxın görürəm".
 
Rəşad Ergün ("Komanda" qəzetinin baş redaktoru): “Oyunun Naxçıvana salınması təbii ki, bu qarşılaşmaya marağı azaldır. Ən azı Lənkəran azarkeşləri baxımından. Qalmaqal yaranacağına inanmıram. Elə oyunun Naxçıvana salınmasının səbəblərindən biri də mümkün qalmaqaldan qaçmaqdı. Məncə, “Xəzər Lənkəran” qələbə qazanacaq. Onlar kubokdakı yenilginin əvəzini çıxmaq üçün daha istəklidilər”.
 
İsmayıl Abdullayev ("İdman Azərbaycan" kanalının əməkdaşı): “Məncə bu oyuna Naxçıvanda da maraq az olmayacaq. Əksinə, böyuk futbolun yenidən Naxçıvana qayıtması istiqamətində görülən ən ideal addımlardan biridi. Məncə, çox maraqlı oyun olacaq və indidən səbrsizlənirəm.
PFL rəhbərliyi indiyə kimi qeydə alınan hadisələri güman ki, nəzərə alıb və təşkilatçılıq, təhlükəsizlik baxımından da gücləndirilmiş iş rejimindədi. Amma təkcə PFL yox, Naxçıvanın da oyunla bağlı məsuliyyətli orqanları tam hazırlıqlı olmalıdılar. Bu baxımdan qalmaqal olmayacağını düşünürəm. “Neftçi” azarkeşi olduğum üçün təbii ki, flaqmanin qalib gəlməsini istəyirəm. Amma çox çətin olacaq. “Xəzər Lənkəran” nəhayət ki, Con Toşakın istədiyi komandaya çevrilməkdədi. Həm də nəzərə alsaq ki, mövsumun ilk “Böyuk oyun”unda cənublular daha yaxşı oynamışdılar, bu görüş də həm gərgin, həm də çox maraqlı olacaq. Qarşılıqlı qolların olacağını proqnozlaşdırıram. Dəqiq nəticə söyləmək isə çətindi”.
 
Sənan Şəfizadə (ATV kanalının əməkdaşı): “Xəzər Lənkəran”- “Neftçi” oyununun Naxçıvanda keçirilməsi müsbət haldı. Orada futbola olan maraq artacaq, eyni zamanda bütün ölkə azarkeşlərinin diqqətini Naxçıvana yönəldəcək. Amma futbol baxımından iki güclü komandanın qarşılaşması heç nə qazanmayacaq. Bakıda və ya Lənkəranda keçirilən “Böyük oyun”lar daha maraqlı olur. Əgər azarkeşlər stadona gəlməyəcəksə, pankartlar olmayacaqsa, deməli futbol bayramının olması da sual altındadı. Stadionda anşlaq ola bilər, lakin sabiq azarkeşlərin olmaması özünü göstərəcək. Bu oyunda heç bir qalmaqal olmayacaq. Birincisi, daha çılğın azarkeşlər oyuna evdən baxacaqlar. Yəni Naxçıvana gələn çox az olacaq. Ona görə qalmaqal olmayacaq. Hazırda oyun baxımından “Neftçi” daha inamlı təsir bağışlayır. “Xəzər Lənkəran” hələ də sabit oyun sərgiləmir. Amma Super Kubok onlar üçün motivasiya ola bilər. Bu mükafatı qazanmaqla komandada hər şeyi dəyişə bilərlər. Digər tərəfdən azarkeşlər cənublulara “Neftçi”yə daha bir məğlubiyyəti bağışlamayacaq. Ona görə “Xəzər Lənkəran” daha motivasiyalı olacaq. Şanslar 51-in 49-a nisbətində “Neftçi”nin xeyrinədi”.
 
Saleh Arslan (korner.az saytının baş redaktoru): “Açığı, mənə aydın deyil ki, Super Kubokun Naxçıvanda keçirilməsi qərarı niyə bəzi mətbu orqanlarda belə narahatlıq yaradır. Təxminən ayyarım bundan əvvəl – hələ onda Naxçıvandakı şəraitlə əyani tanış deyildim – bəndəniz bir dostumuzun Super Luboku qışda Antalyada keçirmək təklifini PFL başqanı Ramin Musayevə deyəndə Ramin bəy “bu təklifi bizə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da verib” – demiş və indi narahat olanların heç cınqırı da çıxmamışdı. Nədi, bəlkə Naxçıvan Türkiyədən yaddı bizə? Məncə, Naxçıvan amilinə görə narahatlığa heç bir əsas yoxdu. Muxtar Respublika indiyədək şahmat, güləş, qaydasız döyüş üzrə beynəlxalq yarışları, ölkəmizin ilk Paralimpiya festivalını keçirib, indi Azərbaycan Super Kubokunumu təşkil edə bilməyəcək? Əminəm, bunu PFL-in oyuna ezam edəcəyi jurnalistlər də görəcək və aralarında oyun necə təşkil olunacaq şübhəsi olanlar varsa, şübhələri tamamilə yox olacaq. Oyunun Naxçıvanda keçirilməsi marağı qətiyyən azaltmayacaq. Əvvəla, oyun televiziya vasitəsilə birbaşa yayımlanacaq. İkincisi, 12800 azarkeş tutumu olan o stadionun tam dolacağına da əminəm. 10 ildən artıqdı böyük futbola həsrət qalan Naxçıvana belə bir hədiyyə vermək, məncə, PFL-in son illər verdiyi ən doğru qərardı.
 
Oyunun qalmaqalla müşayiət olunub-olunmaması birbaşa hər iki klub rəsmilərinin məsuliyyətində olan məsələdi. Biz – jurnalistlər və futbol cameəsi əbədi rəqabət istəyirik, əbədi rəzalət yox!
 
Futbol idmanın ən şıltaq növüdü, nə proqnozların sözünə baxar, nə də statistikanın. O, sadəcə özünün bildiyini edər. Onun bildiyi isə güclünün və şanslının yanında olmaqdı. Kimdi güclü, kimdi şanslı? Bircə gün qalıb, səbr edək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp