Uelsli baş məşqçi Con Benjamin Toşak “Xəzər Lənkəran”a böyük səs-küylə gətirilsə də, gedişi heç də ürəkaçan olmadı. “Real”, “Liverpul”, “Beşiktaş” və bir çox komandalarda uğur qazanmış ünlü mütəxəssis cənub klubunda böyük uğursuzluğa düçar oldu.
8 ay Lənkəran klubunun sükanı arxasında yalnız çox da böyük önəm kəsb etməyən Super Kubokla kifayətlənən təcrübəli mütəxəssis “Bakı”ya biabırçı məğlubiyyətdən sonra istefa verdi.
Toşakın istefası üçün bir çox səbəblər vardı. Birincisi, uelsli məşqçi yay transfer pəncərəsi dövründə transfer səhvinə yol verdi. AZAL-da uğurlu çıxış edən Zohair Benuahi və Franko Junior Nildodan çox şey gözləyən Toşak bu futbolçulardan istədiyini ala bilmədi. Avrokubok oyunları zamanı çox zəif “Sliema” ilə oyunlarda kobud səhvlərə yol verən müdafiə xəttinə futbolçuların alınmaması komandanı çempionat oyunlarında da çətin vəziyyətdə qoydu. Elnur Allahverdiyevin komandadan qovulması ilə arxa xətdəki problemlərin sayı bir qədər də artdı. Üstəlik, Adrian Pit, Eder Bonfim, Marin Orsuliç, Roberto Alviz, Toni Doblasın da göndərilməsi əməlli-başlı komandanı yarımcan etdi. Sonuncunun “Xəzər Lənkəran” üçün varlığı ilə yoxluğunun önəmi olmasa da, digərlərinin çempionatın başlamasına çox az qalmış getməsi vəziyyəti daha çox korladı.
Yarımmüdafiə və hücum xəttinin də sabit oynaya bilməməsi “Xəzər Lənkəran”ın son pillələrə yuvarlanmasında böyük rol oynadı. Mirça Rednikin gedişindən sonra heç vəchlə özünə gələ bilməyən lənkəranlılar hazırda 16 oyundan sonra autsayderlər sırasında yer alır. Toşak “Xəzər Lənkəran”a heç nə verə bilmədi. O, ötən mövsüm Azərbaycan Kubokunun finalından sonra qəribə açıqlama ilə yadda qalmışdı: “Azərbaycan çempionatının ən güclü komandası “Neftçi”disə və biz bu heyətlə finalda onlara qarşı qələbəyə layiq oynadıqsa, komandamız gələn il çempion olar”. Görünür, məhz bu arxayınlığın nəticəsi idi ki, o, lazım olan mövqelərə futbolçu transfer etmədi. Bunun acısını isə sonda özü çəkdi.
Toşakın ikinci səhvi nizam-intizama çox da ciddi önəm verməməsi idi. Futbolçulara daha çox sərbəstlik verən uelsli mütəxəssisin başı buna görə də az ağrımadı. Bir çox futbolçular Toşakın bu "yumşaqlığı"ndan necə lazımdı, istifadə edirdilər. Hələ avrokuboklar zamanı komandanın fiziki durumunun da çox bərbad olduğu açıq-aşkar görünürdü. Yalnız Covanni Melkiorrenin gəlişindən sonra bu problem aradan qalxdı. Amma futbolçuların intizamsızlığı həm komandaya, həm də Toşaka çox baha başa gəldi. Elə avrokubok oyunları zamanı bir neçə futbolçunun qırmızı vərəqə alaraq komanda yoldaşlarını çətin vəziyyətdə qoyması da həmin intizamsızlığın bariz nümunəsi idi.
Mustafa Dənizli nəyi dəyişəcək?
Artıq Toşak gedib, komanda yeni baş məşqçiyə tapşırılıb. Bəs görəsən Mustafa Dənizlinin “Xəzər Lənkəran”a gəlişi komandanı bu durumdan çıxara biləcəkmi? Şübhəsiz ki, türkiyəli mütəxəssis cənub klubunu uğura daşımaq üçün ilk növbədə heyətə çox ciddi əl gəzdirməlidi. Dənizli də transfer siyasətində səhvə yol versə, əlinin altındakı materialdan istifadə etməklə, yalnız 3-4 futbolçunu əvəzləməklə kifayətlənsə, bu, yaxşı heç nə vəd etməyəcək. Heyətdəki çatışmazlıqları aradan qaldırmaq üçün isə türkiyəli mütəxəssis qış fasiləsindən maksimum yararlanmalıdı.
Hazırda "Xəzər Lənkəran"da daha çox qapı və müdafiə xəttində problemlərin olması diqqət çəkir. Məsələn, qapıda Orxan Sadıqlı və Duqlas Leyte daim eyni səviyyədə çıxış edə bilmir. Lənkəran məktəbinin yetirməsi olan Sadıqlı daha çox təcrübəsizlikdən əziyyət çəkirsə, braziliyalı Duqlasın “Xəzər Lənkəran”a transferini ümumiyyətlə başa düşmək olmur. 33 yaşı olan qapıçı demək olar ki, bəslənilən ümidləri doğrulda bilmədi. Halbuki, "Xəzər Lənkəran" kimi klubun xaricdən gətirdiyi qapıçı qısa zamanda 1 nömrə olduğunu isbatlayacaq gücdə olmalıdı. Amma biz bu keyfiyyəti Duqlasda görmədik. Əksər vaxtlarda Sadıqlının əvəzləyicisi olan braziliyalının qışda komandadan ayrılması da gündəmdədi. Hər halda onun Braziliya klubu ilə anlaşdığı barədə xəbərlər də belə deməyə əsas verir. Deməli, cənub klubu artıq indidən özünə 1-2 yeni qapıçı almaq haqda ciddi düşünməlidi. Çünki mövsümün gedişində Sadıqlı da, Duqlasın əvəzinə gətiriləcək qapıçı da zədə və ya cəza problemi ilə üzləşsə, onları da əvəzləyəcək qapıçıya ehtiyac duyulacaq.
Komandanın dirəyi sayılan müdafiə xəttinə isə ən azı 3 futbolçu transfer olunmalıdı. Manuel Skarlatake müdafiənin mərkəzində daha yaxşı çıxış etsə də, sağ cinah müdafiəçisinin olmaması Toşak kimi Dənizlini də rumın arxa xətt oyunçusunu sağ cinahda oynatmağa məcbur edir. Mərkəzdə Alvaro Silva və Rasim Ramaldanov isə sabit çıxışı ilə seçilmir. Vanderson Skarduellini isə indiki durumda normal qiymətləndirmək olar.
Yarımmüdafiə xəttinə gəldikdə isə burada yalnız Rahid Əmirquliyev və Elnur Abdullayevin çıxışını qənaətbəxş saymaq olar. AZAL-dan transfer oluna Zohair Benuahi isə sabiq komandasında oynadığı futbolu "Xəzər Lənkəran"da göstərə bilmir. Toşakın böyük ümidlərlə Lənkərana gətirdiyi pleymeyker heç nə ilə yadda qalmadı və cənublu fanatların sadəcə nifrətini qazandı. Sadio Tounkara keçidləri ilə diqqət mərkəzinə düşsə də, onun da sabit oyun nümayiş etdirdiyini demək çətindi. Bir oyun super çıxış edib, ardıcıl 5 oyunda heç nə edə bilməyən Tounkara da çempionluğa oynayan komanda üçün yaxşı futbolçu sayıla bilməz. Malili yarımmüdafiəçinin güclü və dəqiq zərbələrinin olmaması da göz önündədi. Deyvid Sakkoni və Edu Orial Qrasiyanın nəyə qadir olduğunu söyləmək çətindi. Azərbaycana gəldiyi ilk oyunda yaxşı çıxış edən braziliyalı Sakkoninin sonradan ehtiyata düşməsi ona problemlər yaratdı. Dənizlinin gəlişindən sonra yalnız “Neftçala” ilə matçda ilk “11-lik”də yer alan sanbaçı meydanda elə də yaddaqalan bir şey etmədi. Edu isə “Xəzər Lənkəran”da yüksək maaş alsa da, hələ ki, bunun qarşılığını verə bilmir. Yarımmüdafiə xəttinə də ən azı 2 futbolçu transfer olunmalıdı. Tounkara və Benuahinin yeri isə daha çox ehtiyat oyunçular skamyası ola bilər.
Bu mövsüm qol vurmaqda olduqca böyük problemlər yaşayan cənub klubu Nildodan da gözlənilənləri ala bilmir. Etame Mbilla Türkiyə PTT 1-ci liqasında qollar vursa da, Lənkərana gəlişindən sonra bunu bacarmır. Toşak daha çox Nildoya güvənirdisə, Dənizlinin gəlişindən sonra hücumun sivri ucunda daha çox Mbilla yer alır. Bunun da səbəbi bəllidi. Dənizli “Çaykur Rizəspor”la çıxış etdiyi PTT 1-ci liqasından tanıdığı forvarda güvənir. Amma istənilən halda türkiyəli təcrübəli məşqçi uğur qazanmaq istəyirsə, hücum xəttinə də futbolçu almalıdı. Nildonun daha çox ehtiyatda oturacağı isə indidən bəllidi. Lənkəranlı azarkeşlərin heç cür rəğbətini qazana bilməyən və daha çox qınaq obyektinə çevrilən Nildonun bundan sonra nəsə edəcəyi çox çətin görünür. Ötən mövsüm AZAL-da 21 qolla çempionatda 2-ci ən məhsuldar oyunçusu olan braziliyalı “Xəzər Lənkəran”ın səviyyəsinə uyğun olmadığını göstərdi. O, həm də yay fasiləsində cənub klubuna keçən zaman "Nildo Lənkəranda uğur qazana bilməyəcək" deyənlərin fikirlərini təsdiqləmiş oldu. Ağabala Ramazanov isə hələ ki, gənc və təcrübəsizdi. Sadəcə, PFL tərəfindən qoyulan limit onun da Dənizlinin quracağı planlara daxil olmasını zəruriləşdirir.
ELSEVƏR





