"Neftçi" Topaz Premyer Liqasının 11-ci turundan etibarən Nazim Süleymanovun başçılığı ilə meydana çıxdı. Süleymanovun debüt oyununda komandası "Simurq"la qolsuz bərabərliyə razılaşdı. Bir tur sonra isə "ağ-qaralar" "Xəzər Lənkəran"a 4:1 hesabı ilə qalib gələrək yerli mütəxəssisin doğru seçim olduğunu sübut etməyə çalışdı.
 
13-cü turda isə "Neftçi" digər paytaxt təmsilçisi "Bakı"dan üstün oldu. Bu qələbədən sonra 3 oyuna 7 xal toplayan klub rəhbərliyinin Nazim Süleymanova olan rəğbət hissi daha da artdı. Atalar üçdən deyib…
 
"Neftçi"nin "ağ atlı şəhzadəsi" bundan sonra komandaya xeyir verə bilmədi (15-ci turda keçirilən yarımcan "Sumqayıt"la qələbə istisnadı). Komandanın, eləcə də Süleymanovun qara günləri də bundan sonra başladı. 14 və 16-cı turlarda ardıcıl olaraq "İnter" və "Qarabağ" məğlubiyyəti baş məşqçinin kreslosunu silkələdi. İndi isə "Neftçi"nin bəh-bəhlə gətirdiyi mütəxəssisin canına qorxu düşüb. Zəlzələdən, ya vəlvələdən… Baş aça bilməyən Süleymanov mətbuata danışmamaq qərarına gəlib.
 
Son günlərdə maraqlı iddialar ortaya çıxıb. Belə ki, 6 oyuna 13 xalı həzm edə bilməyən klub prezidenti Sadıq Sadıqovun baş məşqçiyə son şans verdiyi bildirilir. Əgər "Neftçi" doğma azarkeşlər önündə "Qəbələ"yə məğlub olsa, bu, Süleymanovun "Neftçi"də son oyunu olacaq. Biz də Futbolinfo.az olaraq bu və digər məsələlərə aydınlıq gətirmək üçün Süleymanovla əlaqə saxlamağa çalışdıq. Lakin daşdan səs çıxdı, Süleymanovdan yox. Əvvəlcə zəng etdik, daha sonra mesaj yazıb kimliyimizi bildirdik. Yenə də cavab gəlmədi. Hətta bu qarlı havada komandanın məşqinə gedib orada danışmaq istədik. Amma klubun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə "Qəbələ" ilə oyuna qədər məşqlərin qapalı olacağını bildirdi. Yenə ümidimiz telefon zənginə qaldı.
 
Süleymanov, indi danışmaq sırası sizdədi. Zəlzələdən və vəlvələdən – danışmaq sırası sizdədi… Transfer işlərindəki qazanc ehtimallarını nəzərə alan klubun içindəki bəzi şəxslər onlara əngəl olacağınızı düşünüb sizə quyu qazır, vitse-prezident Tahir Süleymanovun təşəbbüsü ilə transfer olunan, amma sizin ümumiyyətlə, güvənmədiyiniz Melvin Platye və başqalarına görə bilərəkdən gedişinizlə bağlı şayiələr ortaya atırlar. Ona görə də danışmağınız lazımdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: