Respublika ərazisində hava dəyişkənliyi çempionat oyunlarına da təsir edə bilər. Futbolinfo.az xəbər verir ki, həftəsonu keçiriləcək Topaz Premyer Liqası, 1-ci divizion və əvəzedicilərin çempionatının baş tutub-tutmayacağı hələ ki, məlum deyil.
Bu barədə saytımıza açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) İctimaiyytələ Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.
Şahgəldiyev hər şeyin oyun günü məlum olacağını bildirib: "Bildiyimiz kimi, bizdə oyunlar həftəsonu – dekabrın 14 və 15-də keçiriləcək. Hazırda hava proqnozu ilə maraqlanırıq. Məncə, elə də ciddi problem olmaz. Oyun günü bu məsələyə baxılacaq. Baş hakim və AFFA nümayəndəsi birgə qərar verəcək. Əgər problem olmazsa, oyunlar baş tutacaq".
PFL rəsmisi 1-ci divizionda oyunun baş tutması ehtimalından da danışıb: "Bu gündən biz heç nə deyə bilmərik. İndidən nəsə demək tezdi. Oyun gününü gözləmək lazımdı. Futbolçuların oyununa, topun hərəkətinə mane olmazsa, o zaman oyunlar baş tutacaq".
Qeyd edək ki, 1-ci divizionda 14-cü, əvəzedicilərin çempionatında isə 17-ci turun oyunları sabahdan başlayır. Premyer Liqanın 17-ci turunun oyunları isə dekabrın 14-də start götürəcək.





