“Mənim “Xəzər Lənkəran”a keçidimlə bağlı bir xəbər yoxdu. “Qəbələ”də ili başa vurmaq üçün 2 oyunumuz qalıb. Biz istəyirik  ki, 2013-cü ili lider kimi başa vuraq. Komandam üçün əlimdən gələni edirəm. Sabiq klubumla 6 aylıq müqaviləm var. Qış fasiləsində nə olacağını görəcəyik”.
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev deyib. İcarə əsasında “qırmızı qaralar”ın heyətində oynayan milli komandamızın üzvü “Xəzər Lənkəran”a dönmə ehtimalından danışıb:
 
“Qəbələ” də mənim komandada qalmağımı istəyir. Amma təbii ki, müqavilə ilə Lənkəran klubuna məxsusam. May ayında onlarla müqaviləmin müddəti bitəcək. Mənim bütün fikrim indiki komandamdadı. Qiş fasiləsində artıq komandalar özləri bu məsələyə aydınlıq gətirəcəklər. Bunu onlar öz aralarında həll edəcəklər. Burada məndən asılı olan bir şey yoxdu. Əgər “Xəzər Lənkəran”la “Qəbələ” razılığa gəlməsə, təbbi ki, mənim cənub klubu ilə müqaviləm var və başqa variant olmadığından ora dönməyə məcburam. Heç bilinmir ki, sabiq klubum məni heyətə qaytrmaq istəyir, ya yox. Bu barədə mənim özümə heç kim heç nə deməyib”.
 
Allahverdiyev “Xəzər Lənkəran”a qayıtmaq istəyirsən" sualına isə belə cavab verdi: “Mən indi durub nəsə desəm, düzgün olmaz. Mən “Qəbələ”nin şərəfini qoruyuram. Bu məsuliyyəti yerinə yetirməliyəm. Hələ ki, buradayam və il başa çatandan sonra bu barədə nəsə deyərəm. Ondan sonra biz danışıq masasına oturacağıq”.
 
Bu məsələyə “Qəbələ” klubun meneceri Səbuhi Səfiyarlı da münasibət bildirib: “Hələ ki, dəqiq belə bir şey yoxdu. Elnur Allahverdiyevin dekabrda icarə müddəti bitir. Bu məsələyə ancaq hər iki komandanın və futbolçunun özününün birgə söhbətindən sonra qərar veriləcək. Onun hansı komandada oynayacağı bundan sonra bilinəcək”.
 
“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə millimizin müdafiəçisinin Lənkərana qayıtmaq məsələsi ilə bağlı bunları dilə gətirib: “Yeni baş məşqçi Mustafa Dənizli əvvəlki bütün oyunlarımızı izləyir. Yəqin ki, Elnur Allahverdiyevin də oyununu izləyib. Hələ ki, onun haqqında bizə bir şey deməyib. Ola bilsin ki, yanvar fasiləsində onun haqqında da öz fikirlərini bildirəcək. Onun qayıdıb-qayıtmayacağına baş məşqçi qərar verəcək”.
Shares: