Yayda "Bakı"nın baş məşqçi postuna Milinko Pantiç gəldikdən sonra komanda bir çox oyunçunu "qara siyahı"ya saldı. Futbolinfo.az xəbər verir ki, serbiyalı məşqçinin heyətdə görmək istəmədiyi futbolçulardan biri də Rəşad Abdullayev idi.
Bu üzdən Rəşad "Rəvan"a icarəyə göndərildi. Qış transfer pəncərəsinin yaxınlaşdığını nəzərə alıb futbolçunun gələcək karyerasını harada davam etdirəcəyini maraqlandıq. Abdullayev saytımıza müsahibəsində bunları bildirib:
"Mən hər zaman çalışmışam ki, özümə rahat olan yerdə oynayım. Məni "Bakı"dan heç kim göndərmirdi. "Rəvan"da oynamağı özüm istədim ki, oynayım, təcrübəm olsun. Düzü, əvvəl "Rəvan"da bir az narahatlıq var idi. Bu da ondan irəli gəlirdi ki, öz oyunumu tapa bilmirdim. İndi əvvəlki oyunumu tapmağa çalışıram. Mən hər zaman iddialı komandalarda çıxış etmişəm. Hazırda "Bakı"ya məxsusam. "Rəvan"da icarə əsasında oynadığım üçün hər an nəsə ola bilər. "Bakı"nın məni geri qaytarıb-qaytarmayacağını gələcək göstərəcək".





