Madriddə təlim-məşq toplanışını davam etdirən "Bakı"nın U-14 komandasının üzvləri geridə qalan 2 gün ərzində bir-birindən maraqlı hadisələrin şahidi olublar. Futbolinfo.az xəbər verir ki, dekabrın 11-ni paytaxta gəzinti ilə başlayan gənc futbolçular axşam UEFA Çempionlar Liqasının "Atletiko" – "Porto" qarşılşamasını "Visente Kalderon" stadionunun tribunlarından canlı izləyiblər.
 
"Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatan oyun həyəcanlı anlara səbəb olub. Həmin gün nümayəndə heyətində yer alan məşqçilər klubun idarəçiləri ilə bir araya gəliblər. Xarici əlaqələrə və əməkdaşlıq layihəsinin rəhbəri Mariya Tereza Çirivi ilə bir araya gələn məşqçilərimiz U-15 komandasının Madriddə təlim keçən 5 üzvü ilə bağlı ətraflı məlumat alıblar. "Bakı" futbol akademiyasının baş koordinatoru Yuksəl Kepoğlu gənc futbolçularımızın şəraiti ilə tanış olaraq, hazırlığın gedişini əks etdirən hesabatı dinləyib.
 
Bu arada "Bakı"nın U-14 komandası daha bir yoxlama oyunu keçirib və 1:5 hesabı ilə məğlub olub. Xatırladaq ki, ilk oyunda bakılılar qaib gəlmişdilər. U-14 ispan məşqçilərin nəzarəti altında məşqlərini davam etdirirlər. U-14 daha bir yoxlama oyunu keçirəcəyi planlaşdırılır.
Shares: