Son 2 mövsümü olduqca bərbad keçirən "Xəzər Lənkəran"ın Mustafa Dənizliyə qədər məşqçi probleminin olması heç kimə sirr deyildi. Hətta adlı-sanlı Con Toşak da cənubluların dərdinə məlhəm olmadı. Amma onu da qəbul etmək lazım idi ki, XL-in uğursuz nəticələrlə yadda qalmasına səbəb həm də heyətlə bağlı problem idi.
Hər nə qədər "balıq başından iylənsə" də, güclü heyət olmayandan sonra məşqçiləri də qınamaq olmur. XL-in adda-budda transferləri isə "ağ-yaşıllar"ın oyununu gücləndirmirdi. Əslində oyunçu seçimi də hardasa məşqçiylə əlaqədardı. Yaxşı məşqçi nüfuzundan istifadə edərək düzgün oyunçu seçimiylə də yadda qalır. Məsələn, bu gün Ebesilyonun "Qəbələ"nin təklifini qəbul etməsi hardasa Yuri Syomin amiliylə əlaqədardı. Ya da ki, vaxtıyla Oqtay Dərəlioğlunun "Xəzər Lənkəran"ın təklifini qəbul etməsi məhz cənubluların çalışdırıcısı Rasim Karayla bağlı idi. Elə indi də Mustafa Dənizli sayəsində hazırda Türkiyə çempionatında kölgəyə çəkilən oyunçulara yenidən işıq salmaq mümkündü. Təsadüfi deyil ki, son günlər ölkə mətbuatında Necati Atəşlə İbrahim Toramanın adının "Xəzər Lənkəran"la yanaşı hallanması məhz Mustafa Dənizli ilə əlaqədardı. Düzü, bu futbolçuların Lənkərana gəlib gəlməyəcəyini müəyyənləşdirmək çətindi. Amma istənilən halda, lap bu variantlar alınmasa belə, XL-in türkiyəli oyunçulara ehtiyacı var. Ehtiyac deyəndə, Lənkəran klubu hər bir mövqeyə oyunçu almaq məcburiyyətindədi. Amma seçim edərkən məhz Dənizli amilini işə salmaq və məhz onun vasitəsiylə Türkiyədən oyunçu gətirmək daha məqsədəuyğun olardı. İstənilən halda, dövrələrarası fasilə dönəmində Mustafa hoca heyəti gücləndirəcək və böyük ehtimalla Türkiyə bazarına üz tutacaq. Bəs görəsən, qardaş ölkədən hansı tanınmış futbolçuları Lənkərana gətirmək olar. Kiçik araşdırma aparacağıq.
Semih Şəntürk
Azərbaycana gələ biləcək oyunçular sırasında ilk növbədə Semihin adını çəkə bilərik. Hazırda "Fənərbaxça"da heyətə düşə bilməyən forvardın bu günə qədər Türkiyə meydanlarında əsdirdiyi küləyi "şkala" ilə ölçməyə ehtiyac yoxdu. Atalar demişkən, kor-kor, gör-gör. Artıq heç bir Türkiyə klubunun da hədəfində olmayan Semihi karyerasının bu ərəfəsində Azərbaycana gətirmək elə də problemli işə bənzəmir. Nəzərə alaq ki, 30 yaşlı futbolçu hələ heç karyerasının qürub çağını da yaşamır. Cənub təmsilçisində çıxış etməklə Semih belə desək, bərpa kursu da keçə bilər.
Tuncay Şanlı
Semihin sabiq komanda yoldaşı Tuncay Şanlı da hazırda karyerasının ağır dönəmlərindən birini yaşayır. "Fənərbaxça"dan İngiltərəyə yollanan Türkiyə yığmasının sabiq üzvü "Midlsbro", "Stok Siti" və "Bolton"da top qovsa da, Almaniyada "Volfsburq"da nəyə qadir olduğunu sübut etməyə çalışsa da, nəsə Tuncay özünü göstərə bilmədi. Məsələ ondadı ki, adıçəkilən futbolçu Türkiyəyə qayıtdıqdan sonra da bir qara qəpiyə dəymədi. 31 yaşlı futbolçunun hazırda "Bursaspor"a hansısa bir fayda verdiyini də iddia etmək olmaz. Ötən ildən "timsahlar"ın heyətində oynayan və yalnız bir qol vuran Tuncayın "Xəzər Lənkəran"da yenidən ikinci baharını yaşaması mümkündü. Yuxarıda Semih Şəntürk haqda söylədiyimiz fikirləri Tuncay haqda da səsləndirə bilərik.
Uğur Boral
Hazırda hücumla yanaşı yarımmüdafiə xəttində də böyük problemlər yaşayan, xüsusən də cinah hücumları qurarkən kəsərli olmayan XL-in dadına hazırda "Beşiktaş"ın şərəfini qoruyan Uğur Boral da çata bilər. "Fənərbaxça"da oynadığı dönəmlərdə meydanda fırtına kimi əsən yarımmüdafiəçi hazırda əski dönəmlərindən uzaq olsa da, istənilən halda Azərbaycan çempionatında oynamaq onun üçün problem olmazdı. Ötən ildən "Beşiktaş"da oynayan və bu müddət ərzində Tuncay kimi bir qol vuran Boralı Lənkərana gətirməklə ayağını açmaq da olar. Ancaq o da var ki, Boralın "Beşiktaş"la müqavilə müddəti 2014/15 mövsümündə bitir. İlə 700 min avro qazanan və hər oyuna çıxarkən cibinə əlavə 10 min avro qatlayan Uğurun XL-də bundan artıq pul alacağı inandırıcı görünmür. Amma rəhbərlik səviyyəsində hər şeyi həll etmək mümkündü.
Engin Baytar
Hazırda "Qalatasaray"ın şərəfini qoruyan amma bu il əsas heyətə düşməkdə çətinlik çəkən Engin Baytarın da adını xüsusi qabartmaq olar. 2006-09 mövsümündə "Gənclərbirliyi"nin heyətində parlayan, daha sonra 2 il ərzində "Trabzonspor"da öz məharətini göstərən Engin Baytarı da Mustafa Dənizlinin komandasına məsləhət görmək olar. Düzdü, nəzərə alaq ki, Baytarın "Qalatasaray"la müqavilə müddəti uzadılıb. Ancaq bu mövsüm də olmasa, adıçəkilən futbolçu "Cim-Bom"da heyətə düşməyəcəyi halda heç olmasa icarə əsasında Lənkərana təşrif buyura bilər.
Aykut Ərçətin
Hazırda XL-in ən yaralı yerlərindən biri də "çərçivə"di. Bu mənada "Qalatasaray"da Musleranın kölgəsində sürünən Aykut Ərçətini məsləhət görmək olar. 31 yaşlı qapıçı 2003-cü ildən "Qalatasaray"ın şərəfini qorusa da, o, bu müddət ərzində həmişə ikinci qapıçı funksiyasını daşıyıb. 31 yaşlı qapıçı elə də gənc deyil ki, Azərbaycana gəlməklə məhv olduğunu düşünsün. Elə onun özü üçün də 10 il bir komandada qaldıqdan sonra mühiti dəyişmək daha məqsədəuyğun olardı. Amma bir "əmma" var ki, Aykut mövsümlərarası fasilə dönəmində İstanbul klubu ilə müqavilə müddətini yeniləyib. Sadəcə onu da Engin Baytar kimi icarə əsasında oğurlamaq mümkündü.
Sərcan Yıldırım
Düzü, bir vaxtlar "Bursaspor"un heyətində parlayan oyunçunu XL-ə təklif etməklə bizi bir qədər göylə getdiyimizə görə qınaya da bilərsiz. Hər halda, 23 yaşlı futbolçunun gələcəyi qabaqda olduğundan onun Azərbaycana gələcəyi inandırıcı görünmür. Amma "Qalatasaray"da heyətə düşə bilməyən forvard "Şanlıurfaspor"a icarə əsasında göndərilirsə, nə üçün onu Lənkərana gətirmək fantaziya kimi görünsün? Əlbəttə, PTT təmsilçisində oynayan futbolçunu bu mövsüm Azərbaycana dəvət etmək inandırıcı görünmür. Amma bu gedişlə Yıldırım gələn mövsüm də "Cim-Bom"un heyətində özünə yer etməyə çətinlik çəkəcək. Qarşıdakı mövsüm ona görə "Qalatasaray"la danışıqlar masası arxasına əyləşmək olar.
Barış Memiş
Türkiyə futboluyla yaxından maraqlananlar 23 yaşlı bu futbolçunun nəyə qadir olduğundan yaxşı xəbərdardılar. Deyəcəksiz ki, artıq bizim iştahamız artıb və Lənkərana gənc futbolçuları da təklif edirik. Amma "hay-hayı gedib vay-vayı qalanlardansa" öz komandalarında heyətə düşməyən və ya icarə əsasında başqa komandalara göndərilən perspektivi və iddialı oyunçuları dəvət etmək pis olmazdı. Barış Məmiş də "Trabzonspor"da heyətə düşmədiyi halda "Trabzon-1461"də top qovur. Belə baxanda bu komandanın nəyi XL-dən artıqdı? Əslində Dənizlinin başçılığı altında gənc futbolçu arzuladığı qədər də qazana bilər.
CAVAD





