Topaz Premyer Liqasında mövsüm yarılanmaq üzrədi. İlk dəfə 10 komandanın iştirakı ilə 4 dövrədə keçirilən yarış bir sıra məqamlara görə diqqət çəkir. “Altılıq” sistemindən fərqli olaraq indi qızıl medullar üçün oynayanların siyahısı daha erkən bəlli olmaq üzrədi. Eyni zamanda digər kollektivlər də ən azı avrokuboklara vəsiqə üçün gərgin mübarizə aparır.
 
Bəs, bu reqlament indiyəqədərkilər arasında ən yaxşıdımı? Növbəti mövsümdən yenə dəyişikliyə getməyə ehtiyac varmı?Bunu müəyyənləşdirmək üçün mini-sorğu keçirdik.
1. Çempionatın indiki reqlamenti idealdırmı?
2. AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında çempionatla bağlı hansı qərarların olmasını istəyərdiz?
3. Çempionatla bağlı öz təklifləriniz varmı?
 
Ağasəlim Mircavadov, işsiz mütəxxəsis: "Bu reqlamentin ideal olub-olmaması çempionatın sonunda bəlli olacaq. İndidən nəsə demək çətindi. İcraiyyə Komitəsinin iclasındakı mövzulardansa xəbərim yoxdu. Amma təkliflər çoxdu, sadəcə, gərək soruşsunlar. İstərdim ki, bölgələrdə – Gəncədə, Tovuzda, Şəmkirdə, Massalıda futbolun inkişafına diqqət yetirilsin. Hər komandanın öz stadionu olsun. Klubların sayının artmasını istərdim, amma maliyyə olmayandan sonra bu, mümkün deyil".
 
Georgi Nikolov, "İnter"in prezidenti: " Mənim fikirmcə, indiki format bu çempionata ən uyğun olanıdı. Bilirsiz ki, mən həmişə “altılığ”a qarşı olmuşam. İcraiyyə Komitəsinin iclası ilə bağlı onu deyə bilərəm ki, reqlamenti dəyişməsinlər, bəsdi. Çünki tez-tez reqlament dəyişmək düzgün deyil. Təklifim isə çempionatda yaranan fasilə ilə əlaqədəardı. Uzunmüddətli fasilələr bizim oyun tempimizə mane olur. Milli komandaya görə yaranan fasilələr barədə bir tədbir görülsə, yaxşı olar".
 
Elxan Abdullayev, işsiz mütəxxəsis: "Xeyr, bu reqlament ideal deyil. 10 komanda azdı. Fikrimcə, 16 və ya 18 komanda olsa, yaxşı olar. Düzdü, bizdə o qədər komanda yoxdu, amma çempionatın ideal olması üçün lazımdı. İcraiyyə Komitəsinin iclasındakı məsəslər barədə bir söz deyə bilmərəm. O ki qaldı təklifə, istərdim ki, leginoer limiti 5-ə endirilsin. Milli komandaya futbolçu tapmaqda çətinlik çəkirik. Çempionatda komandaları sayı artırılsın və ən əsası 1-ci divizion komandalarına diqqət yetirilsin. Qoy bu yarış formal xarakter daşımasın".
 
Rəşad Ergün, "Komanda"  qazetinin baş redaktoru: "Çempionat üçün bundan yaxşı reqlament ola bilməz. İcraiyyə Komitəsinin iclasında bütün İK üzvlərinin istefaya göndərilməsinin müzakirə olunmasını çox istərdim.  Çempionatla bağlı təklifim yox, tələbim var. Hakimlərə təzyiq etməsinlər, danışılmış oyunları yığışdırsınlar, yayım məsələsində məsuliyyətsizlik olmasın".
 
Anar Xanlarov, Rekord.az saytının redaktoru: "Mənim üçün bir ideal sistem var, o da ikidövrəli klassik sistemdi. Hansı ki, bütün Avropa bu sistemlə çempionat keçirir. Çoxları düşünürdü ki, 10 komanda olsa, bütün oyunlar final xarakteri daşıyacaq, hamı sona qədər çempionluğa oynayacaq. Amma bu gün baxırıq ki, hələ ikinci dövrə yarılanmamış artıq təbəqələşmə yaranıb – ilk "beşlik", ikinci "beşlik". İlk növbədə növbəti mövsüm Premyer Liqadakı komandaların sayı 16-ya, minimum 14-ə qaldırılsın. Başa düşürəm, deyəcəklər ki, pul yoxdu, oynamaq istəyən yoxdu, amma istənilən halda bunun bir yolunu tapmaq lazımdı. Pul yoxdu deyib, yaxalarını kənara çəkməsinlər. Futbolunun inkişafı bu insanlara tapşırılıbsa, çıxış yolu da tapmalıdılar. Az öncə dediyim kimi, Premyer Liqada oynayan komandaların sayı bölgə klublarının hesabına artırılsın, oyunlar obyektiv idarə olunsun, hakim özbaşınalıqları, qərəzləri yığışdırılsın, AFFA-da futboldan başı çıxan insanlar otursun".
 
KƏMALƏ İSMAYILOVA
Shares: