"Bakı"nın "Qarabağ"la matç öncəsi məşqlərinin birində komandanın kapitanı Rauf Əliyevin litvalı Mindauqas Kalonasla əlbəyaxa olduğunu xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, bu üzdən "Bakı"nın baş məşqçisi Milinko Pantiç hər iki futbolçunu məşqdən qovub.
Klubun icraçı direktoru Yaşar Seyidov saytımıza açıqlamasında Əliyevlə Kalonas arasında baş verənlərə münasibət bildirib: "Hazırda mən baş məşqçi ilə "Lokomotiv"in oyununa baxıram. Bu haqda məlumatım yoxdu. Bu məsələnin üzərinə bir o qədər də getmək lazım deyil. Bütün məhşur futbolçular arasında belə münaqişələr baş verir. Ola bilsin ki, hava şəraitinin soyuq, meydançanın sərt olması, qarın üzərində məşq etmələri buna səbəb olub".
Seyidov təəccüblü şəkildə bu xəbəri hardan eşitdiyimizi soruşdu. Əməkdaşımızın "Bakı"nın məşqində iştirak etdiyini və bizimlə söhbətdə Raufun da bu məsələni təsdiq etdiyini dedikdən sonra fikrinə bu cür davam etdi: "Vallah, bu, xırda münaqişədi. Elə də ciddi qəbul etməməyinizin tərəfdarıyam".
"Bakı" rəsmisinə Kalonas və komanda yoldaşları arasında artıq bir neçə dəfədi baş verən bu cür münaqişələrin qarşısını almaq üçün hansı tədbirlər görməyə hazırlaşdıqlarını da soruşduq. Seyidov isə bunları söylədi: "İndi baş məşqçidən soruşmaq lazımdı ki, bu məsələyə klub rəhbərliyi səviyyəsində baxılsın yoxsa baxılmasın? Baş məşqçinin verdiyi qərardan sonra nəsə söyləmək olar. Əgər bu, xırda bir anlaşılmazlıqdısa, klub rəhbərliyi səviyyəsində müzakirə edilməyəcək. Ancaq mən bu gün baş məşqçi ilə söhbət etdim. O bildirdi ki, komandada yüksək əhval-ruhiyyə var. Çox yaxşı məşq keçdik. Hər kəs razı qaldı. Futbolçuların dalaşmasını isə sizdən eşidirəm. Hər futbolçunun borcudu ki, klubun intizam qaydalarına riayət etsin".





