FİFA prezidenti Yozef Blatter “Qalatasaray”ın kot d`İvuarlı futbolçuları Didye Droqba və Emmanuel Ebuenin Nelson Mandelaya həsr edilən yazılı maykanı reklam etməsi səbəbindən cəzalandırılmasına qarşıdı. Futbolinfo.az xəbər verir ki, Blatter Türkiyə Futbol Federasiyasını ayrıseçkilik etməkdə günahlandırıb:
“Ötən həftə “Qalatasaray”la “Elazığspor” arasında keçirilən matçda Didye Droqba və Emmanuel Ebue Nelson Mandelaya təşəkkür etmək məqsədilə onu yad etdilər. İndi Türkiyə Futbol Federasiyası onların siyasi mesaj verdiklərini iddia edərək hər iki futbolçunu cəzalandırmaq istəyir. Bu bir siyasi mesaj deyil. Mən bu futbolçuları heç bir şəkildə cəzalandırmaram. Sadəcə bir Mandela var. Ona təşəkkür etmək istəyən bir insanı cəzalandırmaq ayrıseçkilikdi. Mandelanı alqışlamaq, onu hörmətlə yad etməliyik. O, bir röyanı gerçəkləşdirdi”.
Qeyd edək ki, Türkiyə Superliqasının XIV turunda "Qalatasaray"la "Elazığspor" arasında keçirilən oyundan sonra Droqba və Ebue formalarının altından geydikləri Cənubi Afrika Respublikasının mərhum prezident Mandelaya həsr edilən yazılı mayka ilə bağlı icazə almadıqları üçün TFF-nin Nizam–İntizam komitəsinə sövq ediliblər.





