Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan "Bakı" – "Qarabağ" matçından sonra maraqlı hadisə baş verdi. Qarşılaşmanı izləyənlər arasında bir sıra  məşqçilər də var idi. Onlardan biri də 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert idi.
 
Lakin almaniyalı mütəxəssisi bu qarşılaşmaya gəlməsinə peşman etdilər. Belə ki, qarşılaşmadan sonra arenanı tərk etməkdə olan Lippertin sonradan qaça-qaça VİP-lojaya qayıtması diqqətimizdən yayınmadı. Məsələ ilə maraqlandıqda məlum oldu ki, millimizin çalışdırıcısı telefonunu itirib. Lippertin bütün cəhdlərinə baxmayaraq, telefonu tapmaq mümkün olmadı və məlum oldu ki, onu oğurlayıblar.
 
Məsələyə aydınlıq gətirmək üçün "Bakı" klubunun rəsmilərinə müraciət etdik. Lakin rəsmilərin verdiyi cavabdan belə məlum oldu ki, onlar bu məsələdən xəbərsizdilər. İlk öncə klubun icraçı direktoru Yaşar Seyidovla fikrini örgəndik : "Mən orada olmamışam. Ancaq biz bununla bağlı araşdırma aparacağıq".
 
Daha sonra klubun idman direktoru Novruz Əzimovla danışdıq. Seyidovdan fərqli olaraq, Əzimov matçı məhz Lippertin yanında izləyirdi: "VİP-lojadan axırda çıxanlardan biri də mən olmuşam. Ancaq heç bir telefona rast gəlmədim. Lippertin telefonun itirməsi xəbərini axşam eşitmişəm".
 
Bəs alman mütəxəssisin telefonunu kim götürüb? Bəlkə klubun işçiləri alman çalışdırıcının unutduğu mobil əlaqə vasitəsinin kluba təqdim edib? Ancaq mətbuat xidmətiylə əlaqəsaxladıqda bəlli oldu ki, onlarda belə bir məlumat yoxdu. Heç Lippert də bununla bağlı "Bakı" klubuna müraciət etməyib.
 
Qeyd edək ki, VİP-lojaya Lippertlə yanaşı oyunu izləyənlər arasında yığma komandamızın baş məşqçisi Berti Foqts, "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl, futbol veteran İskəndər Cavadov, "Bakı"nın baş meneceri Zeynal Məmmədov, "Bakı"nın idman drektoru Novruz Əzimov, "İnter"in baş məşqçisi Kaxaber Sxadadze və başqaları da var idi. Təbii ki, onların Lippertin telefonuna ehtiyacı olmaz.
Shares: