Topaz Premyer Liqasının 17-ci turunda "Bakı" "Qarabağ" üzərində 2:1 hesabı ilə qələbə qazanmaqla aktivinə 3 xal yazdırmağı bacardı. Lakin "Bakı"nın baş məşqçisi Milinko Pantiç bu vacib qarşılaşmada komandanın hüçumçusu Mindauqas Kalonası ehtiyatda saxlaması diqqətdən yayınmadı. Hər halda hazırda 7 qolla komandanın bombardiri olan Kalonasın "Qarabağ"la vacib qarşılaşmada ehtiyatda qalması maraq doğurmaya bilməzdi.
Ötən həftə də Kalonasın ehtiyatda qalmasının heç də təsədüfi olmadığını xəbər vermişdik. Xatırladaq ki, onun oynamamasının səbəbi komandanın digər üzvləri Rauf Əliyev və Əfran İsmayılovla arasında ciddi problemin olmasından irəli gəlir. Səviyyəli yerli futbolçu kasadlığı üzündən baş məsqçi Milinko Pantiç də Əfranla Raufun nazı ilə oynamaq məcburiyyətində qalıb. Pantiç bu üzdən hücum xəttində onlarla ulduzu barışmayan Kalonası yanaşı oynatmağı məqsədəuyğun saymır. Qeyd edək ki, litvalı bizimlə söhbətində ehtiyyatda qalması üçün heç bir səbəb olmadığını bildirmişdi.
Görünür, "Qarabağ"la oyunöncəsi məşqlərin birində Raufla Kalonasın dalaşması da sonuncunun ehtiyat oyunçular skamyasına göndərilməsinə səbəb olub. Oyundan sonra mətbuat konfransında Pantiçdən futbolçularının dalaşmasının səbəbini soruşduq. Ancaq Pantiç həyacanlı şəkildə bunu təkzib etdi. O, litvalı legionerin ehtiyatda qalmasının səbəbini taktiki gedişlə əlaqələndirdi.





