"Neftçala"nın prezidenti Famil Səfiyevin futbolinfo.az saytına müsahibəsi
 
– Öncə dünənki oyundan sonra baş verənlərə aydınlıq gətirək…
– Mən oyundan sonra orada səs-küyün olduğunu eşitdim. Mənə elə gəlir böyük bir şey baş verməyib. Belə olan halda nə deyə bilərəm ki?
 
– Mən özüm həmin oyunda olmuşam və münaqişə olan yerdəydim…
– Orada bir balaca söz atışması olub. Bizə düşən onları sakitləşdirmək idi. Məsələni yoluna qoyduq. Bu, futboldu, iki komandadan biri uduzmalıdı. Dünən belə bir nəticə oldu və bununla hamı razılaşmalıdı. Bunu da biz onlara başa saldıq. Ola bilsin, mən bəzi şeylərin şahidi olmamışam. Amma mən orada olduğum müddətdə söz atışması oldu və bu problemi də vaxtında yoluna qoyduq. Oyundan sonra da qarşı tərəflə telefonla danışdıq və hər şeyin qaydasında olduğunu bildirdik.
 
– "Araz Naxçıvan" Fariz Yusifovun idarəçiliyindən narazı qaldı. Siz necə?
– Belə hallar olur. Bizim də məğlub olduğumuz vaxtlar olub ki, hakim qərəzi olanda həmin hadisəni gündəmə gətirmişik. Mən onları yaxşı başa düşürəm. Məğlub olanda bu cür hadisələr adamı qıcıqlandırır. Mən özüm də Yusifonu idarəçiliyindən razılığımı bildirə bilmərəm. Komandamız hesabda irəli olarkən futbolçumuzu qırmızı vərəqə ilə oyundan qovması bizi pis vəziyyətdə qoydu. Hətta kobudluğa məruz qalan futbolçumuza "qırmızı" verdi. Bir neçə oyundu ki, bizə qarşı belə şeylər baş verir. Mən də bundan razı qalmadım. Özünüz oyunda olmusuz və hər şeyi görmüsüz. Necə idarəçilik olduğunu, necə oyun keçdiyini özünüz gördüz. 5 dəqiqə əlavə edildi, 7 dəqiqə oynadıq. Bəs necə olmalıydı? Oyuna 20 dəqiqə artırılmalı deyildi ki…
 
– Kobudluğa məruz qalan və "qırmızı" alaraq meydandan qovulan Fərid Səmədzadənin söyüş söydüyü iddia olunur…
– Biz həmin məsələni araşdırırıq. Əgər elə bir nöqsan olubsa, futbolçu bilərəkdən komandasını pis vəziyyətdə qoyubsa, o zaman adı çəkilən futbolçu klub tərəfindən də cəzalandırılacaq. Bu klubda heç kim özbaşınalıq edib, ağzına gələni danışıb, komandanı pis vəziyyətdə qoya bilməz. Mən bildiyimə görə, rəqib komandanın futbolçusu bizim oyunçumuzu təhqir edib, o isə cavabını verib. Əgər belə olubsa, biz hakimi qınamırıq.
 
– 9 nəfərlə məğlub olmayan komandaya mükafat veriləcək?
– Bu, klub daxilində olan bir məsələdi. Bu barədə hər hansı bir xəbər olsa, sizlə paylaşacağıq. Klubdaxili iş olduğuna görə bu barədə heç nə demək istəməzdim.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: