“Bakı”nın prezidenti Hafiz Məmmədov tapıldı və danışdı. İspaniya və Fransa səfərlərini yekunlaşdıran klub rəhbəri bazar günü “özünün məsləhət bildiyi” jurnalistləri başına yığıb brifinq keçirdi.
 
Doğrusu, Hafiz bəyin seçim sistemi də maraqlıdı. Onun üçün yağışın altında çempionat matçlarını işıqlandıran, “Bakı”nın heç bir şəraiti olmayan stadionunda ayaq üstə reportaj hazırlayan, hər bir olaya vaxtında diqqət yetirən, hətta məhdud imkanlarla belə I divizion matçlarına da getməyi vacib bilən qələm əhli ikinci dərəcəlidi. Məmmədov onu tərifləyənləri, reklam edənləri jurnalist hesab edir. Həmkarlarım inciməsin, amma bəzən bir oyuna 2-3 əməkdaşını göndərən Futbolinfo.az-ın işi Hafiz bəyi qane etmirsə, deməli, onun brifinqinə dəvətli olmaq üçün başqa cür işləməliyik. Ancaq bu, bizə lazım deyil, belə işləmək daha şərəflidi.
 
“Bakı”nın uğursuz çıxış etdiyi vaxtda yox, məhz lideri yendiyi bir vaxtda üzə çıxan Hafiz bəyin bu addımı da başadüşüləndi. Çünki bu zaman onun üçün sərfəlidi.
 
Məmmədovun müsahibəsindəki bir məqam diqqətimi çəkdi: “Hətta “Qarabağ” üzərində qələbə qazanmasaydıq belə, heç tələsməzdim. Düzdür, liderdən çox uzağıq. Amma bu, Pantiçin komandası deyil axı… “Bakı” onun formalaşdırdığı komandaya çevrildikdən sonra baş məşqçimizin işinə tam real qiymət vermək mümkün olacaq”.
 
İlahi, bu sözləri daha nə qədər eşidəcəyik? Hafiz bəyin fikirlərindən Milinko Pantiç adını çıxarıb yerinə Vinfred Şefer, Aleksandr Starkov, Bülənt Korkmaz, Bojidar Bandoviç adlarını qoyun. O zaman görəcəksiz ki, Məmmədovun bəhanələri həmişə eyni olub. Komanda beləcə məşqçiləri dəyişir, hər yeni gələnin uğursuzluğuna “təzədir” deyərək don geyindirilir və zaman gedir, “Bakı” turnir cədvəlinin ortalarında sürünür, ağlasığmaz pullar xərclənir.
 
Lütfən, heç kim “Hafiz bəyin öz puludu, necə istəyir, elə də xərcləyir” deməsin. Dağıdılan bu ölkənin pullarıdı, boğazımızdan kəsilən, yağışda, qarda işləyib layiq olduğunun 1/10-ni qazananların haqqlarıdı. 50 minə alınıb, yarım milyona rəsmiləşdirilən transferlərdən də xəbərdarıq, hər transfer dönəmində vaqonla gəlib vaqonla gedən futbolçuların nəyə “razılaşdığından” da. Ona görə də heç kim özünü ölkə futbolunun xilaskarı kimi təqdim etməsin, kimin nəyi, niyə reklam etdiyini bilirik.
 
“Lans” və “Atletiko” haqda pafoslu çıxışlar da boş sözdü. Bu millətin bir nümayəndəsinin 50 ilə qazanacağı pul o klublar üçün bir günə xərclənir, inanın 50 ildən sonra da onlardan 50 qəpik xeyir görməyəcəyik. Bəlkə də kiminsə başını aldatmaq olar, amma futbolun içində olanları, onu pul naminə təbliğ etməyənləri yox.
 
Hafiz Məmmədov müsahibəsində 200-300 mini gülməli rəqəm adlandırır. Əlbəttə, Bakıda tikilən korpülərə xərclənən pulların miqdarına baxanda məhz belədi. 200-300 min gülməlidisə, o zaman fransız jurnalistlər üçün alınan qol saatlarının qiymətini eşidəndə ancaq uğunmaq lazımdı.
 
“Bakı”nın prezidentindən daha bir sitat: “Atletiko” ilə də danışığımız olub. Hər oyunda nə qədər jurnalist getmək istəsə, buyura bilərlər. Özü də VİP sektorda 10-12 nəfərlik yerləri var. Üstəlik, Arda Turanı və digər futbolçuları görmək istəyirlərsə, uşaqlarınızı da apara bilərsiniz. Orada jurnalistlər arasında yarış keçirə bilərik. Ürəyiniz nə istəsə, hazırıq. Bu barədə hələ sponsorluq anlaşması imzaladığımız vaxt razılığa gəlmişdik”.
 
İnanın, bu açıqlamaya gülməkdən başqa çarə yoxdu. “Bakı”nın stadionunda jurnalistlər ayaq üstə qalır, Məmmədov isə “Visente Kalderon”u bizimkilər üçün bağlatdırır. Halal olsun!
 
Hafiz Məmmədov jurnalistlərin biganəliyinə təəccübləndiyini deyir. Ancaq mən onun təəccübünə təəccüblənirəm. Klub rəhbəri jurnalistləri vətənpərvər olmamaqda, onun paxıllığını çəkməkdə ittiham edir: “Özüm məəttəl qalmışam. Demə, jurnalistlər də adama paxıllıq edərmiş. Yaxşı, deyək ki, AFFA-dan kimsə paxıllıq edir, bəs jurnalistlər niyə paxıllıq edirlər, gördüyümüz işləri lazımi qaydada işıqlandırmırlar? Axı bu işlər ölkəmizin adınadır. “Canal+”dəki sujetin axırında belə bir cümlə var idi: “Hafiz Məmmədov komandanın formalarına atasının adını yazmayıb ki… Ölkəsinin adını yazdırıb”. “Lans”a da, “Atletiko”ya da sərmayəni ölkəmə fayda vermək üçün qoyuram. Görəcəksiniz, faydasını verəcək də…”
 
Hafiz bəy kimdən inciyib bilmirəm, amma jurnalistlər ondan inciməlidi. Bu adam ölkə mətbuatının yarıdan çoxuna reklam pulu borcludu. Belə olan halda ona paxıllıq etmək nədi, adam məyus olur ki, imkansızdı, camaatın haqqını ödəyə bilmir. Formanın üstündə yazılanlara gəlincə, bəli, Hafiz Məmmədov komandanın formalarına atasının adını yazmayıb, heç atasının pulunu da xərcləmır.
Shares: