Azərbaycanlı futbolçuların son zamanlar qardaş ölkə Türkiyə çempionatlarına yollanması adət halını alıb. Lakin ora gedən futbolçularımızın bir çoxu tezliklə klublarını tərk edib ölkəyə qayıdırlar.
 
Məsələn Amit Quluzadə, Cavid Hüseynov, Rəhman Hacıyev, Romal Hüseynov, Fərid Quliyev, Rail Məlikov, Arif İsayev və s. “Rəvan”dan Türkiyə 4-cü liqasına transfer olunan Emin Mustafayev isə digər futbolçularımızdan fərqli hələ də “Karsspor”un heyətində yerini qoruyur. 4-cü turdan sonra qardaş ölkəyə transfer olunan Mustafayev sonrakı bütün matçlarda meydana çıxıb. Yayda gənc futbolçunun “Orduspor”a keçidi gündəmdə olsa da, sənədlərinin gecikməsi səbəbindən Mustafayev Türkiyənin ən güclü ikinci liqasında oynamaqdan məhrum olub. Həmçinin “Orduspor”a transfer cəzasının verilməsi də futbolçumuza əngəl yaradıb. Əvəzində Mustafayev “Karsspor”da oynamağa məcbur olub.
 
O, Türkiyə klubundakı durumu ilə bağlı futbolinfo.az saytına açıqlama verib: "Rəvan"da daha çox ehtiyatda olurdum. Yayda menecerlər bir-iki klubun mənimlə maraqlandığını demişdilər. Türkiyədən xəbər gözləyirdim. PTT liqa klublarından təklif var idi. “Orduspor”a keçməli idim, alınmadı. Daha sonra “Karsspor”un məşqçiləri videolarımı izləyib məni komandaya dəvət etdilər. Mən də ora getdim. Burada çempionluğa oynayan komanda qurulub. Məni də buna görə komandaya transfer etdilər. Amma çempionata istədiyimiz kimi başlaya bilmədik. Nəticədə ötən mövsümdən işləyən məşqçini istefaya göndərdilər.  Yeni məşqçi qısa vaxtda komandanı toparlaya bildi. Artıq oyunumuzu tapmışıq və yaxşı nəticələr qazanırıq”.
 
“Mənim heç bir komandada məşqçilərlə problemim olmayıb. Burada da həmçinin. Əvvəllər “Karsspor” 2-ci liqada oynayırdı. Sadəcə, maliyyə problemlərindən komanda bu vəziyyətə gəlib. İndi əvvəlki nüfuzlarını geri qaytarmaq istəyirlər. Bu liqada hər komanda 2 legioner oynaya bilər. Bizim komandada isə bir dənə legioner mənəm. Burada daha çox gürcülər də oynayır”.
 
“Baş məşqçimiz ilk gəldiyimiz gün mənimlə söhbət etdi və güvəndiyini söylədi. İlk 4 turu kənara qoysaq, qalan bütün turlarda meydana çıxmışam. İndi bura öyrəşmişəm. Burada azəri əsilli insanlar daha çoxdu. Hətta azərbaycanlılar da var. Onlara tərəkəmələr deyirlər. Azərbaycan sözləri və şivələri var. Amma Azərbaycan futbolu haqqında məlumatı olanlar çox azdı”.
 
“Komandanın çox azarkeşi var. Amma bu duruma düşdüyü üçün komandadan soyuyublar. Buna baxmayaraq oyunlara xeyli azarkeşlər gəlir. Bizim mübarizə apardığımız qrupda əsas rəqiblərimiz Trabzon komandalarıdı”.
 
“Azərbaycanlı jurnalistlər sağ olsunlar, buradakı durumumla maraqlanırlar. Mən burada oynamaq istəyirəm. Elə yaşdayam ki, daim meydanda olmalıyam. Buna görə də burada oynamağa davam edəcəm. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam".
Shares: