Bazar günü səhər tezdən baş redaktorumuz Vüsal Mahmudov zəng etdi ki, saat 14:00-da  Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutacaq "Bakı" – "Qarabağ" matçından reportaj hazırlayacaqsan. Əhvalım tamam pozuldu. Əhvalımın pozulması bazar günündə istirahət edə bilməyəcəyimdən irəli gəlmirdi. Sadəcə, bilirdim ki, "Bakı" futbol klubunun bazasında jurnalistlərin operativ işləməsi üçün lazımi şərait yoxdu.
 
Buna baxmayaraq, bu cür vacib qarşılaşmanı qaçıra bilməzdim. Bakı şəhəri çölündən gözəl göründüyü kimi, "Bakı"nın bazası da kənardan işıqlı görsənir. Bilirdim ki, bu stadionda jurnalistlərin əyləşib, işlərini layiqincə görməsi üçün lazımı şərait yoxdu. Elə bunun üçün də oyunun başlamasına bir neçə dəqiqə qalmışdı ki, tribunaya, azarkeşlərin yanına qalxdım. Stadionda qonaqlar üçün xüsusi yer olmadığından cəza və zədə səbəbi ilə "Bakı" ilə oyunu buraxmaq məcburiyyətində qalan Rəşad Sadıqov, Riçard Almeyda, Admir Teli və Reynaldo azarkeşlərin yanında əyləşməli oldu. Oyunun başa çatdıqdan sonra polislər hətta futbolçuları azarkeş zənn edib tribunadan buraxmaq istəmirdilər.
 
Futbolçular meydana daxil olmağa başladılar. Buna baxmayaraq, stadionun diktoru komandaların heyətində hansı futbolçuların iştirak edəcəyini stadiona toplaşanların diqqətinə çatdırmadı. Çünki o özü də yox idi. Bu azmış kimi jurnalistlərə matçın protokolu da təqdim olunmadı. Axı, onu kim təşkil etməliydi? Varlığı ilə yoxluğu bilinməyən mətbuat katibini heç “Bakı”nın özündə də tanımırlar.
 
Matçın ilk hissəsi hava kimi soyuq keçdi. Fasilə zamanı isti çay və ya kofe içmək üçün bazanın içərisində fəaliyyət göstərən kafeyə üz tutdum. Burada  Azərbaycan futbolunda "professor" ləqəbi ilə tanınan Mahmud Qurbanov və təcrübəli məşqçi Ağasəlim Mircavadova rast gəldim. Mircavadov əlində plastik stəkanda çay içirdisə, Qurbanov kafedən çayla içmək üçün şirniyyat alırdı. Daha sonra Qurbanov Ağasəlim müəllimin yanına yaxınlaşdı və matçı kafenin şüşəsindən izləməyə başladılar. Biz hər zaman qonaqpərvər olduğumuzu bəyan etmişik. Lakin bu dəfə nədənsə futbolumuzda uğurlara imza etmiş şəxslərə qarşı bu qonaqpərvərliyin göstərilməsinin şahidi olmadıq. Əslində, təlim-məşq bazasında onlar üçün bundan başqa yer də yox idi.
 
Oyunu izləyənlər arasında "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze də var idi. Düzdü, ilk hissəni tribunadan ayaq üstə izləsə də, ikinci hissədə onu VİP-lojaya dəvət etdilər. Ancaq biz yerli mütəxəssislərə də eyni münasibətin göstərilməsinin tərəfindəyik.
 
Stadionda "Sky box"ların "kurilka" əvəzi istifadə edilməsi də diqqətimizdən yayınmadı. "Sky box"da nə əyləşmək üçün bir stul var, nə də oyunun kefini çıxartmaq üçün lazımı komfort. Bu kabinələr daha çox Binəqədi ətrafındakı gecəqondulara bənzəyir. Rast gəldiyimiz yeganə şey isə, bir-iki boş şüşə və bir neçə siqaret kötüyü oldu. Adamın bura "sky box" deməsi isə gülüncdü. Məhləmizdə Ənvər kişinin ayaqqabı təmiri dükanı bu "sky box"un yanında inanın ki, villa sayılar. Ən azından Ənvər kişinin yanında arabir əlini qızdıra biləcəyi elektirik sobası var.
 
Mənim bu problemləri qabartmaqda məqsədim bunların həlli yolunda müvafiq işlər görülməsi istəyindən irəli gəlir. Axı biz futbolumuzun inkişafı üçün çalışırıq.
 
EMİN SƏFƏROV
Shares: