Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Futbolinfo.az xəbər verir ki, iclasda bir çox məsələlər müzakirə olundu. Bu məsələlərdən biri də Premyer Liqada çıxış edən klublara uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktorlarının təyin olunmasıdı. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
 
İcraiyyə Komitəsinin bu qərarına fikirlər birmənalı deyil. Belə ki, klub rəsmilərindən bəziləri bu qərarı dəstəklədiyini bildirsə də, bəzi rəsmilər bundan narazıdı. Sorğumuz zamanı bir neçə klub nümayəndəsinin qərardan xəbərdar olmadıqları da məlum oldu.
 
Emin Abbasov ("Qarabağ"ın idman direktoru): "Mənə elə gəlir ki, AFFA bu qərarı verməzdən əvvəl klub rəhbərləri ilə məsləhətləşməli idi. Bu, çox həssas bir məsələdi. Bilmirsən kimi təyin edəcəklər, onun futbol anlayışı hansı səviyyədədi? Yəni həmin idman direktorunun fəaliyyəti necə qurulacaq? Bu addım mənə qaranlıq qalır. Bir də cavab vermək ona görə çətindi ki, AFFA dəqiq demir axı həmin idman direktorunun fəaliyyəti nədən ibarət olacaq. İstənilin işin həyata keçməsində maliyyə önəmli şərtdi. Həmin şəxs klub rəhbərinə necə göstəriş verə bilər ki, bu qədər pul ayır və s".
 
Natiq Məmmədov ("İnter"in idman direktoru): "Mən bu məsələni klub prezidenti ilə müzakirə etdikdən sonra hər hansı bir açıqlama verə bilərəm".
 
Füzuli Əliyev ("Rəvan"ın idman direktoru): "Bu barədə bizə məlumat verilməyib. Məncə, buna ehtiyac yox idi. Əgər həmin təyin olunan şəxslər bizə yeni nəsə öyrədəcəksə, buyursunlar. Amma gəlib bizim işimizi görəcəklərsə, yenə deyirəm ki, buna ehtiyac yox idi".
 
Zaur Əzizov ("Qəbələ"nin baş meneceri): "Bu barədə hələ bizə rəsmi məlumat daxil olmayıb. Biz də bu məlumatları mətbuatdan oxumuşuq. Düşünürəm ki, bizim klubda hər şey qaydasındadı. Uşaq futbolumuzun inkişafı göz qabağındadı. İstənilən şəxs gəlib vəziyyətlə tanış ola bilər. Əgər AFFA-nın İcraiyyə Komitəsi belə qərar qəbul edibsə, gəlib akademiyadakı vəziyyəti görə bilərlər. Bundan əlavə bizim kluba göndərilən şəxslə biz inkişaf barəsində söhbət etməliyik".
 
İlhan Akgül ("Xəzər Lənkəran"ın gənclərin inkişaf proqramı üzrə direktoru): "Bu barədə ilk dəfə sizdən eşidirəm. Hər halda bu rəhbərliyin qərarıdı. Ümid edirəm ki, hər şey yaxşı olar".
 
Tahir Süleymanov ("Neftçi"nin vitse-prezidenti): "Neftçidə uşaq futbolu ilə bağlı heç bir problem olmayıb. Araz Abdullayevi, Cavid İmamverdiyevi, Tərlan Quliyevi, Mirhüseyn Seyidovu buna misal göstərmək olar. Onlarla futbolçularımız da başqa klublarda icarə əsasında çıxış edirlər. Bu baxımdan gənc futbolçularla bağlı problemimiz yoxdu. O ki, qaldı AFFA İcraiyyə Komitəsinin qərarına, mən bu məsələyə başqa prizmadan yanaşardım. Fikir versək, bəzi klublarda illərlə bir şəxsin eyni vəzifədə çalışdığını görərik. Klub adı çəkmək istəmirəm. Bu qərar klubun işinə müdaxilə yox, uşaq futboluna aid bir layihədi. Əcnəbi mütəxəssislər gəlib klublarda öz işlərini göstərərlərsə, biz buna ancaq müsbət yanaşarıq. Yenə qeyd etmək istəyirəm ki, bəzi klublarda şəxslər illərlə eyni vəzifədə çalışır, amma heç bir nəticə yoxdu. AFFA-ın İcraiyyə Komitəsinin Azərbaycan futbolçu üçün atdığı bu addım müsbət bir işdi. Amma onu elə səviyyədə işləmək lazımdı ki, gələcəkdə effekt versin".
 
İK-nın bu qərarı müzakirə olundu. Qərarla razı olanlar da oldu, olmayanlar da. Önəmli olan isə Azərbaycan futbolunun inkişaf etməsidi. Bu qərarın da futbolumuzun inkişafında nə dərəcədə mühüm rol oynayacağını zaman göstərəcək.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: