Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun futbolinfo.az saytına müsahibəsi
– AFFA İcraiyyə Komitəsi yığmamızın baş məşqçisi Berti Foqtsun postunda qalmasına qərar verdi və onunla daha iki il müddətinə anlaşma imzaladı. Bunu necə qarşıladız?
– Futbolçuların çoxu Foqtsun qalmasını istəyirdi. Mən də istəyirəm ki, növbəti tskildə uğur çıxış edək. Ötən illərə nisbətən daha yaxşı nəticə göstərmək və xalqımızı, azarkeşlərimizi sevindirmək istəyirik.
– Onun qarşısına yeni tələblər qoyulub. Ayın 20 gününü Bakıda keçirməlidi, daha çox oyun izləməlidi. Sizcə, bu tələblər qarşılığında Foqtsun növbəti iki ildəki işi əvvəlki illərlə müqayisədə daha faydalı ola bilər?
– Bu, artıq rəhbərlik və məşqçi arasında olan şərtlərdi. Mənim bunu müzakirə etməyim düzgün çıxmaz.
– Foqtsun qarşısında qoyulan hədəflərdən biri də yığmamızı AÇ-2016-nın final mərhələsinə çıxarmaqdı. Siz, yığmamızı buna nail olacaq gücdə hesab edirsiz?
– Fikrimcə, püşkdən çox şey asılı olacaq. Digər tərəfdən də hər şey bizdən asılıdı. Biz də çalışacağıq ki, pley-offa qatılaq. Kim istəməz ki, final mərhələsində çıxış etməsin?
– Millimizin məşqçilər korpusunda dəyişikliklər olub. Aslan Kərimovla yanaşı Mahmud Qurbanov da millimizdə çalışacaq. Üstəlik, digər gənc məşqçilərimizin də milliyə gətirilməsi istisna deyil. Bu addımı necə qiymətləndirə bilərsiz?
– Mahmud Qurbanov təcrübəli futbolçularımızdan olub. Fikirləşirəm ki, onların yığmada işləməsi futbolçular üçün də faydalı olacaq.
– "Qarabağ"ın son turda "Bakı"ya məğlubiyyətini necə qarşıladınız?
– "Bakı"ya məğlubiyyətimiz gözlənilirdi. Hiss edirdim ki, "Neftçi" ilə oyundan sonra futbolçularda rahatlıq var. Məşqlərdə də həmin intensivliyi və aqressivliyi görmürdüm. Ən azından heç-heçə ümid bəsləyirdim. Amma buna da nail ola bilmədik.
– Sizcə, məğlubiyyətinizə nə səbəb oldu?
– "Bakı"nın da əməyini yerə vurmaq lazım deyil. Rəqib komanda da həmin matçda yaxşı oyun nümayiş etdirdi. Sadəcə olaraq, onlar bizdən daha çox qələbə qazanmaq istəyirdi və buna nail oldular. Bu istəklə çempionatda nəticə vermək çətindi. Bu da bizim üçün dərs oldu.
– Siz, eləcə də digər aparıcı oyunçular meydanda olsaydı, hesab fərqli ola bilərdi?
– "Bakı"ilə matçda kimin oynaması mühüm deyildi. Komandamız meydanda lazım olan əzmkarlığı göstərmirdi.
– Bu məğlubiyyət liderliyi itirməyinizə səbəb oldu. "Neftçi"nin "Qəbələ"yə qalib gələcəyini gözləyirdiz?
– "Neftçi" ilə "Qəbələ" arasında bərabər seviyyəli oyun keçdi. Hər turda rəqiblərin xal itirməsini gözləyirsən. Ancaq bu həmişə belə olmur.
– Qış fasiləsi ərəfəsində sizi "İnter"lə, "Neftçi"ni isə AZAL-la oyun gözləyir. Bu oyunlara əsasən "Qarabağ"ın qış çempionu olmaq şanslarını necə qiymətləndirirsiz?
– Bizə qış çempionluğu lazım deyil. Qarşıda 19 oyunumuz var. Bütün matçların hamısı gərgin keçəçək. Biz yay çempionluğunu fikirləşirik. Bunun məsuliyyətin dərk edib, bütün oyunlara ciddi hazırlaşırıq.
– İkinci dövrənin son oyununda "İnter"lə qarşılaşacaqsız. Komanda bu matça necə hazırlaşıb?
– Həmişə olduğu kimi, "İnter"lə oyuna da ciddi hazırlaşmışıq. Başa düşürük ki, "İnter" kimi rəqibimiz var. Bizi ağır sınaq gözləyir. "Bankirlər" də son turlardakı oyunu ilə nümayiş etdirdi ki, artıq onlar da əvvəlki güclərini bərpa ediblər. Çempionatda iddialı duruma gəliblər. Düzü, "İnter"ə qarşı oynamağı xoşlamıram. Yaxşı məşqçiləri var. Hər zaman dəyişik taktikalardan istifadə edir. Onlara qarşı oynamaq bir o qədər də xoş olmur. Görək, bu dəfə necə olacaq.
– Birinci dövrədə siz bu rəqibə qalib gəlmişdiz (2:1). Gözləmək olar ki, "İnter" bu dəfəki oyuna daha istəkli çıxacaq və revanş almağa çalışacaq?
– Hər şey ola bilər. Liderlər qrupuna yaxınlaşmaq üçün "İnter" qələbə qazanmağa çalışacaq. Biz də qələbə qazanmaq istəyirik. Fikirimcə, gərgin və maraqlı olacaq.
– Komandanızın qarşısına bu mövsüm konkret hansı vəzifə qoyulub?
– Əsas avrokuboklara düşmək lazımdı. Əlimizdən gəldiyi qədər yuxarı yerlər üçün mübarizə aparmağa çalışacağıq.
– Çempion olmaq barədə düşünmürsüz?
– Bütün komandalar çempion olmaq barədə düşünür. Ancaq axırda bir komanda çempion olacaq. Bu mövsüm iddialı komandalar çoxdu. Ona görə də qızıl medalları qazanmaq asan olmayacaq.
– Sizcə, Ağdam klubu bu heyətlə qarşıya qoyulan məqsədə çata biləcək?
– Yaxşı heyətimiz var. Sadəcə, hər oyunda maksimum nəticə göstərmək lazımdı.
EMİN SƏFƏROV





