Topaz Premyer Liqasının 18-ci turunda səfərdə AZAL-a 1:2 hesablı məğlubiyyət "Neftçi"yə necə təsir etdisə, klub nümayəndələri hirsini Futbolinfo.az-ın əməkdaşından çıxmaq istədi. Oyuna ezam olunmuş əməkdaşımız Emin Səfərov qarşılaşmadan sonra vəzifəsini yerinə yetirərkən təzyiqə məruz qaldı.
Belə ki, oyunun ikinci hissəsində “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovla klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimin qərarlarına etiraz olaraq onu təhqir etməyə başlayıb. Bu, Elvin Yuniszadə qırmızı vərəqə aldıqdan sonra da davam edib. Oyun başa çatdıqdan sonra isə əməkdaşımız mətbuat konfransına yollanmaq üçün dəhlizə keçib. Burada Emin PFL-in mühafizə xidmətinin və polislərin Süleymanovla Abbaszadənin qarşısını kəsdiyini görüb. Belə ki, sözügedən şəxslər baş hakim Orxan Məmmədovu söyməklə yanaşı, hakimlər biriqadasının soyunub-geyinmə otağına yollanmasına imkan vermirmiş. Bu anları telefonunun yaddaşına köçürmək istəyən əməkdaşımız elə həmin vaxt təzyiqə məruz qalıb. Belə ki, Abbaszadə telefonu jurnalistin əlindən almağa çalışıb. Buna nail olmadıqda isə əynində “Neftçi”nin papağı və şərfi olan başqa 5-6 nəfər əməkdaşımızın üstünə yeriyib, onu təhqir ediblər. Bu zaman polis nəfərlərindən birinin müdaxiləsindən sonra ara sakitləşib. Belə ki, o, həmkarımızın qolundan tutaraq bayıra çıxarıb və daha sonra onu mətbuat konfransına ötürüb. Halbuki həmin şəxs də akkreditasiyası olan jurnalisti deyil, burda niyə peyda olduğu bilinməyən adamları hadisə yerindən kənarlaşdırmalıydı.
Əsəblər sakitləşdikdən sonra Abbaszadə həm ayrıca, həm də mətbuat konfransında digər həmkarlarımız qarşısında Emin Səfərovdan üzr istəyib. Gündüz bəy şəxsən mənə də zəng vuraraq dəfələrlə üzrxahlığını bildirdi və bunun yanlış anlaşılma olduğunu qeyd etdi. O, əməkdaşımızın kənar şəxs olduğunu zənn etdiyini, jurnalist olduğunu bilmədiyini dedi. Abbaszadənin üzrxahlığını qəbul etsək də, bundan artığını gözləyirdik. Çünki Gündüz bəy yalnız öz adından üzr istəyib, digər şəxsləri tanımadığını bildirdi.
Saat 21:00 radələrində isə gözlənilməz məğlubiyyətin gətirdiyi məyusluqdan sonra nəhayət ki, olub-bitənlərlə maraqlanan “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov mənə telefon açdı. O isə “Neftçi” rəhbərliyi adından saytımızdan üzr istədi və bu xoşagəlməz halın oyunun yaratdığı stressə görə baş verdiyini bildirdi, istənilən halda klublarına yaraşmadığını diqqətə çatdırdı. Ancaq Tahir bəy də əməkdaşımıza təzyiq göstərən digər şəxslərin “Neftçi”yə heç bir aidiyyatı olmadığını, meydan sahibi kimi AZAL tərəfinin təhlükəsizliyin qayğısına qalmalı olduğunu, kənar şəxslərin həmin əraziyə buraxılmamasının vacibliyini vurğuladı.
Məsələyə aydınlıq gətirmək üçün AZAL rəsmilərini də aradım. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov həmin vaxt hətta qarışıqlığa görə təhlükəsizliyin gücləndirildiyini və heç bir kənar şəxsin ora buraxılmadığını bildirdi. Hər iki tərəfin dediklərini anlayışla qarşılayıram, Üzr istəyənlər də bunu özlərinə rəva bildikləri üçün sağ olsunlar, ancaq zəhmət olmasa, cavabdeh şəxslər də aydınlaşdırsın, görək, bizim əməkdaşa təzyiq edən kim olub? Əynində “Neftçi”nin papağı və şərfi olan bu adamlar hər halda ora göydən zənbillə düşməyib.
Yeri gəlmişkən, Süleymanov bütün bu hadisələrin baş verməsinə görə də hakimlər briqadasını günahlandırdı. O, “Neftçi”nin hər iki futbolçusuna qırmızı vərəqənin haqlı verildiyini bildirdi. Bununla belə, Tahir bəy həm Mahir Şükürovun, həm də Elvin Yuniszadənin buna təhrik edildiyini bildirdi: “FİFA referisi olmuşam, qaydalardan xəbərdaram. Hər iki oyunçumuz meydandan qovulmalıydı. Hətta ola bilsin, Mahirə birbaşa qırmızı, Elvinə ikinci sarı vərəqə də verilərdi. Amma bütün bunlara hakimlər briqadasının qərəzli idarəçiliyi yol açdı. Onlar bilərəkdən bizi uduzdurmaq istəyirdi. Qərəzli idarəçilik etməsəydilər, qapımıza ikinci qolu vuran futbolçu daha əvvəl qırmızı vərəqə almalıydı. Amma hakim onun dəfələrlə kobudluq etməsinə göz yumdu, bizim futbolçuların isə əsəbi ilə oynadı. Rəqib qapıçı da qırmızı vərəqə almalıydı. Bundan başqa qol vurduğumuz epizodda da penalti var idi. Ancaq hakim aşkar əllə oyuna görə penalti təyin etmədi. Halbuki Rəşad Sadiqov o zərbəni vurmaya da bilərdi. Qayda pozuntusu o qədər bariz idi ki, rəqib futbolçular dayandı və Rəşad hesabı bərabərləşdirdi. Halbuki Sadiqov qol vurana kimi bir neçə saniyə keçdi, futbolçumuz ötürmə etdi. Penalti təyin etmək istəyən hakim qəti qərar verməliydi. Ümumiyyətlə, hakimlər bizi məğlubiyyətə məhkum etdi. AZAL-ın həddən artıq kobud oynayan futbolçuarına qarşı rəhmli olan hakim yalnız biz 9 nəfərlə qaldıqdan sonra, son 10 dəqiqədə onlara bir neçə vərəqə göstərdi ki, bu da özünün obyektivliyini nümayiş etdirmək üçün idi. Halbuki hakimlər ona kimi işini görmüşdü. Elə bu əsəb gərginliyi üzündən oyundan sonra belə xoşaglməz olaylar yaşandı ki, buna görə həm öz adımdan, həm klubumuz adından dəfələrlə üzr istəyirəm”.
Nə deyirəm, Tahir bəy, üzrünüz qəbul. Amma bizim əməkdaşlar da kiminsə əsəbini soyutmaq üçün hədəf deyil, işini namusla görən sivil insanlardı. Gəlin bir-birimizə qarşı diqqətli olaq.
VÜSAL MAHMUDOV






