Ramil Kərimovun hansı səbəbdən 1-ci divizionda qış fasiləsi yaranmamış "Kəpəz"i tərk etməsinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, 3 gün öncə klubu tərk edən qolkiperin göndərilməsinə məşqdə komanda yoldaşı ilə dava etməsi səbəb olub.
"Ramaşka" ləqəbli qapıçı məşq prosesi zamanı Elmin Əlizadə ilə yola getməyərək, insidentin səbəbkarına çevrilib. Belədə Kərimovu məşqdən azad edən baş məşqçi Azər Məmmədov çempionatdakı son oyunu gözləmədən yetirməsinə çantasını yığmağı tapşırıb.
Qeyd edək ki, "çərçivə qoruyucusu" mövsümün əvvəlində "Neftçala"dan icarəyə götürülmüşdü. Hələ bir müddət əvvəl Ramilin "Kəpəz"dən daha tez çıxarılması gündəmdə olsa da, klub rəhbərliyi onun idmançıya yaraşmayan hərəkətini gəncliyinə bağışlayaraq ikinci şans vermişdi.
Amma qapıçının növbəti səhfi onunla yolların vaxtından əvvəl ayrılmasına şərait yaradıb.





