"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsinə qələbə ilə yollanırsız. Komandanın çıxışı ürəyinizcədi?
– Əsas odu ki, komanda istəklidi. "Qəbələ" qalib gəlməyə can atır. Fərdi şəkildə də futbolçular qələbə qazanmağa çalışırlar ki, bu da müsbət cəhətdi.
– Əsas odu ki, komanda istəklidi. "Qəbələ" qalib gəlməyə can atır. Fərdi şəkildə də futbolçular qələbə qazanmağa çalışırlar ki, bu da müsbət cəhətdi.
– Futbolçulara nə vaxta qədər istirahət veriləcək, komanda nə vaxt bir araya gələcək?
– "Bakı" ilə oyun axırıncı idi. Bir də yanvarın 5-də bir araya gələcəyik. Antalyada təlim-məşq toplanışı keçəcəyik. Yoldaşlıq oyunları da planlaşdırılıb, amma rəqiblər tam müəyyən olunmayıb.
– Avropaya vəsiqə qazanacağınız təqdirdə bu cür stadionda oyun keçirmək olmaz. Stadionla bağlı hansı dəyişikliklər planlaşdırılır?
– Bu işlər hələ ki, davam edir. Oyunların burada keçirilməsi üçün kriteriyalar uyğun gələrsə, inşallah ev oyunumuzu burada keçirəcəyik.
– Tribunaların artırılması nəzərdə tutulub?
– Bəli, daşınan tribunalarımız var. Lazım gələcəyi təqdirdə qapının arxasında və meydanın tribuna olmayan tərəfinə quraşdırmaq olar.
– Nizami Hacıyevin Polşanın "Poqon" klubuna keçidi gündəmdədi…
– Nizaminin bizimlə müqaviləsi var. Hələ ki, "Qəbələ"nin futbolçusudu. Amma yerli yox, xarici klublara keçidə icazə vermişik. Hələ rəsmi bir təklif yoxdu.
– "Qəbələ" Premyer Liqada komandaya ən çox mükafat verən klubdu…
– Mən belə deməzdim. Mən səmimi şəkildə deyirəm ki, "Qəbələ" ilk beş yerdə olan komandalardan daha çox mükafat vermir. Mükafatın məbləği oyuna görə müəyyən edilmir, bunlar hamısı mövsümün əvvəlində müəyyən olunur. Ev oyunlarında bərabərliyə mükafat verilmir. Məbləği deyə bilmərəm, amma mükafat digər klubların futbolçulara verdiyindən deyərdim ki, aşağıdı.
– Rusiya mətbuatı Yuri Syominin "Rubin"ə başçılıq edəcəyini bildirir. Belə bir təklif olub?
– Xeyr, bu barədə nə bizə, nə də Syominə təklif olub. İstənilən halda Syominin özü də burada işləməyə həvəsli bir məşqçidi.
– Berti Foqtsun seçimi düzgün oldu?
– Əgər İcraiyyə Komitəsi buna qərar veribsə, deməli belə məsləhətdi. Yenidən xarici mütəxəssis gələcəkdisə, o zaman elə Foqtsun qalması düzgün seçim idi.
RÖVŞƏN ƏHLİMANOĞLU






