“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibəsində “radarlar”ın düşərgəsindəki işindən, Con Toşakın uğursuzluğunun səbəbindən, Kurban Berdıyevin istefasından və gələcək perspektivlərindən danışıb.
 
– Rusiya və Ukraynadakı uğurlardan sonra, Azərbaycanda işlər necə gedir?
– İşlər yaxşıdı. Özü də Azərbaycanda ruslara yaxşı münasibət əvvəlki kimi qalıb. Burada rus dilini əvvəlki kimi çoxları bilir. Buna rəğmən, komandada tərcüməçi var. Zərurət təqdirində o, məlumatı gənc oyunçulara çatdırır. Bax, cavanlar rus dilini tam bilmir. Belə isə… Nəticəyə nail olmaq hər yerdə elə də asa deyil. Kimsə Azərbaycan çempionluğunu qazanmağı asan hesab edirsə, çox yanılır. Burada səviyyəli məşqçilər çalışır. Bax, yaxınlarda Con Toşak karyerasını başa vurdu. Onda heç nə alınmadı.
 
– Niyə?
– Azərbaycan liqası kifayət qədər çətindi. 10 komanda 4 dövrədə yarışır. Bütün zəiflər ələnib. Asan oyunlar yoxdu. Liderlər köhnə liderlərdi – “Neftçi” və “Qarabağ”. Onlar hər il çempionluq yarışında rəqabət aparır. Hazırda biz bu birliyə girişmişik və hələlik onlarla bu mübarizədə tab gətiririk. Birinci pillədən bir xal geri qalırıq.
 
– Rusiyadakı işlərə keçək. Berdıyevin “Rubin”dən istefasını şərh edə bilərsiz?
– Öncə, demək lazımdı ki, Qurban çox böyük iş görüb. Özü də, nəinki Kazan üçün, bütün Rusiya futbolu üçün. Onun gördüyü işə böyük hörmətlə yanaşıram. Bu, hamıya qismət olmur: Birinci liqadan olan komandanı çempionluğa yüksəltmək. Berdıyev özünün futbol istiqamətini görürdü və bu gün hamı “Rubin”ə hörmət edir. İstefaya gəlincə, belə dövr hər bir məşqçidə olur. Mənim “Lokomotiv”də, Oleq Romantsevin “Spartak”da. Kazandakı dəyişikliklər nəyə gətirəcək? Yəqin ki, nüansları bilən klub rəhbərləri bu suala məndən yaxşı cavab verə bilərlər.
 
– “Rubin”in sizə marağının əsasları var?
– “Rubin” rəhbərliyi qarşısında hazırda çətin seçim var. Hansı yolla getmək? Çox çətindi… Deyək ki, “Spartak” Romantsevin gedişindən sonra, indiyə qədər heç nə qazana bilmir. Oxşar vəziyyət MOİK və “Lokomotiv”də də olub… Burada, hesab edirəm ki, hər şey bu və ya digər namizədi seçəcək rəhbərlərin duyumundan asılıdı. Onlar yəqin ki, kifayət qədər çoxdu. Mənim soyadım orada gözə dəyirmi? Bəs niyə o gözə dəyməməlidi? Mən Rusiya çempionu olmuşam, Ukrayna birinciliyini qazanmışam, kuboklar əldə etmişəm… İndi biz Azərbaycanda titul uğrunda mübarizə aparırıq. Bax, mən hər şeyi belə şərh edirəm..
 
– Berdıyev özünü hər hansı başqa Rusiya klubunda tapa bilər?
– Əlbəttə! İndi deyirlər: Guya “Rubin”də bütün sistem ona uyğun qurulmuşdu. Axı bu, nə deməkdi? Axı o özü bunu qurmuşdu. Nəyi düzgün bilirdisə, edirdi və nəticəyə nail olurdu. Yəqin ki, gələcək sifarişçi ona müəyyən sərbəstlik verəcək. Mən əminəm ki, Berdıyev hələ bir çox komandalara xeyir gətirəcək.
 
– Əgər sizə qışda Rusiyada maraqlı iş təklif olunsa, “Qəbələ”dən gedə bilərsiz?
– Bu, təxribat xarakterli sualdı. Mənə gözəl münasibət bəsləyən rəhbərlərim var. Bizim yaxşı münasibətimiz var. Buna görə də, gəlin, tələsməyək.
Shares: