AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi.
 
– Geridə qalan ikinci dövrəni AZAL üçün necə dəyərləndirərdiz?
– Reallıq turnir cədvəlinin göstərdiyi kimidi. Çempinata yaxşı start vermişdik. Amma ikinci dövrədə bunun davamını gətirə bilmədik. İlk dövrədə 14 xal, ikinci dövrədə isə cəmi 10 xal toplaya bildik. Ümumilikdə komandamın çıxışını pis qiymətləndirmirəm. Amma ilk turdakı "Neftçi" məğlubiyyəti reallığı əks etdirdi. Başa düşdüm ki, biz nə qədər çalışsaq da, 4-8-ci yerlər uğrunda mübarizə apara bilərik.
 
– Bir neçə futbolçunun klubu tərk edəcəyi dəqiqləşib. Gedənlərin əvəzinə gözaltı etdiyiniz futbolçular varmı?
– Əvəzedici heyətdən bir neçə futbolçu artıq 6 aydı ki, əsas komanda ilə birgə məşq edir. Yeni adlar eşidəcəksiz. Gənclərə özlərini sübut etmək üçün şans vermək lazımdı. Vaxtilə Ruslan Tağızadəyə də şans verdik və özünü  doğrultdu. İndi də iddialı klubların hədəfindədi. Ruslanın daha iddialı kluba keçidinə razılıq verdik. Amma əvəzedilməz futbolçu yoxdu.
 
– Bəs əcnəbi futbolçu transferi nəzərdə tutulubmu?
– Ən azı 2 əcnəbi və 2 yerli futboçu transfer edəcəyik.
 
– Daha çox hansı mövqədə boşluq var?
– İddialı klublarən məşqçiləri öz çıxışlarında bildirirlər ki hər mövqeyə yeni bir futbolçu almaq niyyətindədilər. Biz də hər mövqeyə futbolçu ala bilsək, bu, bizim xeyrimizə ola bilər.
 
– "Neftçi" ilə qarşılaşmadan sonra klub rəsmiləri hakimin idarəçiliyindən kəskin şəkildə narazı idilər. Doğrudanmı AZAL-ın qələbə qazanmasına hakim yardım etdi?
–  AZAL-ın qələbəsinə kölgə salmasınlar. Bu qarşılaşmada biz "Neftçi"dən daha güclü, istəkli idik. İstədiyimizə də nail olduq. Hakimliyə cavabdeh olan qurum var. Hakimin səhvi varsa, mən də onun tərəfdarıyam ki, cəzalansın. Amma bu oyunda hesabın ədalətli olduğunu düşünürəm.
 
– Təlim-məşq toplanışının proqramı dəqiqləşibmi?
– Toplanışı harada keçirəcəyimiz dəqiqləşməsə də, tarix bəllidi. Komanda yanvarın 4-5-də tibbi müayinədən keçəcək. Ayın 12-nə qədər Bakıda olacağıq. 2 həftəlik toplanış olacaq. Məkanla bağlı qərarı rəhbərlik verəcək. Çempionatın başlamasına 1 həftə qalmış Bakıya qayıdacağıq.
 
– Yoldaşlıq görüşü keçirəcəyiniz klublar müəyyənləşiblər?
– Əgər təlim-məşq toplanışı Azərbaycanda olacaqsa, yerli klublarla qarşılaşacağıq. Ölkə xaricinə gedəcəyimiz halda isə, 4 yoldaşlıq görüşü küçirəcəyik.
 
– 3-cü dövrədə daha iddialı AZAL görə biləcəyikmi?
– Bunun üçün əlimizdən gələni edəcəyik. Fikrimcə, AZAL pis təsir bağılamır. Bundan da güclü olmağımız üçün çalıçacağıq.
 
KƏMALƏ İSMAYILOVA
Shares: