Futbol üzrə Azərbaycanın Həvəskarlar Çempionatında çıxış edən "MKT-Ulduz" komandası maliyyə problemləri səbəbindən dağılmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, ötən il Azərbaycan çempionu olmuş komanda bu mövsüm səfər oyunlarına getmək üçün yol pulu tapa bilmir.
Bu mövsümə də uğurlu başlayan komanda maliyyə səbəbləri ucbatından dağılmaq üzrədi. Komandanın adı əvvələr "Ulduz" olub. Ötən mövsümdən etibarən komandaya Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov sponsorluq etdiyi üçün "MTK-Ulduz" adlanıb. Ancaq nədənsə Əyyubov bu mövsüm komandaya sponsorluq etməkdən boyun qaçırıb. Komandanın çempion adını qazandığı il Əyyubov ancaq futbolçuların yol və xərclərini təmin edirdi. Bundan başqa futbolçulara heç bir maddi köməklik olunmurdu. Hətta komanda çempion olmasına baxmayaraq, futbolçulara vəd edilən pul mükafatları da verilməyib. Bu və digər çətinliklərə rəğmən, mingəçevirlilər bu mövsüm də çempionata uğurlu başlayıblar. İlk 3 oyunda qələbə qazanan komanda növbəri turda Ağcabədi təmsilçisi ilə səfər oyununa getmək üçün yol pulu tapa bilməyib. Bunun üçün də komandaya texniki məğlubiyyət verilib. Komandaya rəhbərlik edən şəxslərin bu biganəliyini görən futbolçular öz aralarında pul yığaraq səfər oyunlarına gediblər. Bu vəziyyətlə barışmayan baş məşqçi Əyyubova telefon açsa da, bu, heç nəyi dəyişmədiyinə görə, o da komandanın sükanı arxasından ayrılıb. Hazırda komanda başsız qalıb. Bu həftə Qəbələnin həvəskarlardan ibarət komandasını qəbul edəcək "MTK-Ulduz"un növbəti turda səfər oyununa getməyə pulu yoxdu.
Məlumat üçün qeyd edək ki, Mingəçevirin "Energetik" komandasının 1-ci divizionda çıxış etməsinə baxmayaraq, "MTK-Ulduz"un oyunlarında daha çox azarkeş qeydə alınır. Buna baxmayaraq, həvəskarlardan ibarət komandaya rəhbərlik səviyyəsindəki münasibət də elə həvəskar səviyyədədi.





