Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində Şüvəlanda baş tutan AZAL – "Neftçi" qarşılaşması  qalmaqallarla yadda qaldı. Futbolinfo.az xəbər verir ki, oyunun sonlarına yaxın qonaqların vitse-prezidenti Tahir Süleymanov və klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə baş hakim Orxan Məmmədovun başçılıq etdiyi hakimlər briqadasının işindən narazı qaldıqları üçün onları müxtəlif təhqirlərə "qonaq etdilər", hətta ədalət təmsilçilərinə təzyiq göstərməyə də çalışdılar. Lakin Peşəkar Futbol Liqasının mühafizəçiləri və polis əməkdaşlarının səyləri nəticəsində münaqişənin böyüməsinə imkan verilmədi.
 
Qalmaqallarla yadda qalan matçdan sonra "Neftçi" tərəfini hakimliklə yanaşı, oyuna təyin olunmuş AFFA nümayəndəsi Adil Nadirovun açıqlaması da qıcıqlandırdı. Nadirov açıqlamasında "Neftçi" təmiz hakimlik görməyib. Gördüz, təmiz hakimlik olanda nə edirlər" deməsi bakılılar tərəfindən heç də xoş qarşılanmadı.
 
"Qarabağ" klubunun tarixində xüsusi izi olan Nadirov futbol təcrübəsinin çox olmasına baxmayaraq, bu açıqlaması ilə çox böyük bir səhvə yol verdi. Onun təyinat aldığı oyun haqqında açıqlama verməsi, özü də belə bir iddia ilə çıxış etməsi heç bir çərçivəyə sığmır. Adil bəy oyun haqqında fikirlərini mətbuata yox, birbaşa Hakim-inspektorlar Komitəsinə bildirməli idi.
 
Saytımıza açıqlama verən HİK-in sədri Gülağa Cabbarov Nadirovun bu hərəkətinə münasibət bildirib: "Nadirov səhv edib. Bu barədə komitənin iclası olacaq. Nadirov mütləq cəzalanacaq".
 
Əslində AFFA-nın "Qarabağ"ın fəxri prezidenti Adil Nadirovu oyunlara qrumun nümayəndəsi kimi təyin etməsi düzgün addım deyil. Çünki bu, onun qərəzsiz olmasında şübhə yaradır. Belə çıxır ki, biz nə vaxtsa "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovu da AFFA-nın nümayəndəsi kimi çempionat və ya kubok oyunlarında stadionlarda görə bilərik. Belə şəxslərin öz qərarlarında, verdikləri qiymətdə ədalətli olması isə inandırıcı görünmür.
 
EMİN SƏFƏROV
Shares: