"Qəbələ" AZAL-ın şərəfini qoruyan Ruslan Tağızadə ilə bu gün 2 illik müqavilə imzalayacaq. Bu barədə futbolinfo.az saytına müsahibəsində Qəbələ təmsilçisinin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib:
"Ruslan Tağızadə ilə bu gün 2 illik müqavilə imzalayacağıq. Yəqin ki, imza mərasimi bu gün baş tutacaq. İnanıram ki, komandaya kömək edəcək bir futbolçu olacaq".
Daha sonra klub rəsmisi transfer üçün daha bir neçə futbolçuyla danışıqların aparıldığını da söyləyib: "Qış transfer pəncərəsində əsasən müdafiəni gücləndirməyə üstünlük veriləcək. Bu mövqedə problemlərimiz çoxdu. Namizədlərimiz var, amma həmin futbolçularla heç bir razılıq əldə olunmadığı üçün ad çəkə bilmərəm. Onların arasında legioner futbolçularla yanaşı, yerli futbolçular da var".
Sonda isə Nəcəfov Lorival Assisin komandada qalıb-qalmayacağına fikir bildirib: "Hələ komandadan kimlərin gedəcəyini deyə bilmərəm. Çünki Yuri Syomin bizə siyahı təqdim etməyib. Assisə gəldikdə isə, o, pis futbolçu deyil. Assisin maya qədər bizimlə müqaviləsi var. Onunla eyni mövqedə hazırda Leonardo da Silva oynayır. Əgər futbolçu rəqabətə tab gətirə bilmirsə, bu, öz problemidi. Komandada rəqabətin olması üçün səviyyəli futbolçular olmalıdı".





