Premyer Liqanın 11-ci turuna "Neftçi" yeni baş məşqçisi ilə çıxdı. "Simurq"la qolsuz bərabərliklə bitən matçdan 2 gün öncə Nazim Süleymanov "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırdı.
Arenaya gələn Süleymanov çöldə onu gözləyən qələm əhli ilə görüşdükdən sonra konfrans zalına daxil oldu. Klubun mətbuat katibi Gündüz Abbaszadə konfrans başlamazdan əvvəl yerli mütəxəssisin jurnalistlərlə dost olduğunu, ictimaiyyətə açıq biri olduğunu bildirmişdi.
Sən demə hər şey Abbaszadənin dediyi kimi deyilmiş. Jurnalistlərlə dost olan Süleymanov bilmədiyimiz səbəblərə görə mətbuatdan qaçır. Bir müddət əvvəl bu barədə yazmışdıq. Daha dəqiq desəm, "Qəbələ" ilə matçdan əvvəl Süleymanova tribuna vermək qərarına gəlmişdik. Həmin oyundan əvvəl bir çox şaiyələr yayılmışdı. 48 yaşlı mütəxəssis "Neftçi"də qalmaq üçün "Qəbələ"dən üstün olmalı idi, yoxsa gedəcəkdi, göndəriləcəkdi… Biz də Süleymanovun bu məsələlərə aydınlıq gətirməsini istəmişdik. Lakin Süleymanov nə tribunamızı istədi, nə də bizi saydı. Edilən zənglərə, yazılan mesajlara cavab gəlmədi ki, gəlmədi.
Bir müddət keçdi, "Qəbələ" qələbəsindən başı dumanlanan Süleymanov Şüvəlanda meydanı başıaşağı tərk etdi. 8 oyuna 4 qələbə qazanan Nazim Süleymanov yenə mətbuata qapanıb. Qapı-pəncərələrini elə bağlayıb ki, nəinki mətbuat, heç külək də Süleymanova yaxın dura bilmir. Ancaq klubunun sponsoru olduğu verilişlərə çıxır, özünə dost saydığı saytlara danışır.
Bu gün də baş məşqçi ilə əlaqə saxlamağa çalışdıq. Həmişə zəng vurduğumuz, lakin danışa bilmədiyimiz nömrədən bir xanım "Salam, Nazim müəllimi olar?" sualımıza "Bu nömrə deyil" cavabını verdi.
Süleymanovun mətbuatdan, bizdən niyə qaçdığını deyə bilmərik. Görünən isə odu ki, 8 oyuna 13 xal toplayan "Neftçi"nin baş məşqçisi Gündüz Abbaszadəni də yalançı çıxardı. Axı Abbaszadə Süleymanovun mətbuatla dost olduğunu söyləmişdi…
RÖVŞƏN ƏHLİMANOĞLU





