"Bertuççi ilə maraqlanan klubların adını açıqlamağım düzgün olmaz. Ötən il Avroliqa çıxışından sonra da Bertuççi ilə maraqlanan klublar vardı".
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib. Süleymanov yaxşı şərtlər əsasında Bruno Bertuççi ilə vidalaşacaqlarını dilə gətirib:
 
"Necə ki, biz Vobayı yaxşı şərtlər əsasında ərəb komandasına verdik, Bertuççi də o cür olacaq. Yaxşı şərtlərlərlə qapımızı döyən olsa, biz bu məsələyə baxacağıq. Bu səbəbdən indi klub adı demək istəmirəm. Məsələ ilə futbolçunun meneceri məşğul olur".
 
Bundan başqa klub rəsmisi Karlos Kardosonun Türkiyə Super Liqasına keçməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Kardoso səviyyəli futbolçudu. Hər hansı bir təklif gəlməyib. Bu barədə yalnız təklif gəldikdən sonra danışmaq olar. Qış transfer dönəmində "Neftçi" gənclərə üstünlük verəcək. Düşərgəyə hansısa bir legioner dəvət olunmayacaq. Amma biz əcnəbi futbolçularımızı da itirmək istəmirik. Kardoso kimi səviyyəli futbolçuların yanında gənc futbolçularımız təcrübə qazanmalıdı".
Shares: