İlan ilinin başa çatmasına sayılı günlər qalıb. Bu ili birtəhər başa vuran futbol ictimaiyyəti artıq yeni – at ilinə hazırlaşır. Bu ili kimin necə, harda keçirəcəyi isə çoxlarına maraqlıdı. Keçirdiyimizi sorğu nəticəsində futbol ictimaiyyətindən bir neçə nəfərin bu günü harada qeyd edəcəyini öyrəndik. Sən demə, yeni ili evdə qarşılamayanlarla yanaşı, ümumiyyətlə bayrama hazırlaşmayanlar da var imiş…
Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru): "Əvvəlcə komanda ilə birgə bazada qeyd edəcəyik. Təzə ili Bakıda olan futbolçularımız və akademiyada olanlarla birlikdə keçirməyi planlaşdırmışıq. Sonra isə axşam saatlarında evə gedib ailəmlə, əzizlərimlə birgə olacam".
Rəşad Sadıqov ("Qarabağ"ın kapitanı): "Zədə səbəbi ilə İstanbulda əməliyyat olunacam. Bu səbədən də hazırda İstanbuldayam. Ümumiyyətlə Yeni İli qeyd etməyəcəm".
Ruslan Abışov ("Rubin"in müdafiəçisi): "Yeni il günü evdə ailəmlə olacam. Amma təmtəraqlı şəkildə qeyd etməyəcəyik. Çünki peyğəmbərimizin vəfatı günüdü. Bu günü qeyd etmək müsəlmanlara yaraşmaz".
Əfran İsmayılov ("Bakı"nın yarımüdafiəçisi): "Yeni ili qeyd etməyəcəm. Əsl müsəlman peyğəmbərin ölüm gününü bayram kimi qeyd etməz".
Tuyqun Nadirov ("Xəzər Lənkaran"ın vitse-prezidenti): "Bakıda ailəmlə yaxınlarımla birgə olacam. Bayramı doğmalarımla keçirəcəm. Harasa getmək fikrim yoxdu".
Əmrah Çəlikəl ("Qarabağ"ın icraçı direktoru): "Yeni ili evimizdə, Azərbaycanda qeyd edəcəm. Təbii ki, ailə üzvlərim və yaxınlarımla birgə olacam".
Göründüyü kimi, at ilini bayram kimi qarşılayanlar da oldu, bu günü adi günlərdən biri hesab edənlər də. Harda, necə qarşılanmasından asılı olmayaraq, təzə ildə futbol ictimaiyyətinə elə at kimi sürətli olmağı arzu edirik.
KƏMALƏ İSMAYILOVA





