"Qəbələ" İK Futbol Akademiyasının məşqçisi Recep Yazıcı ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, 2009-cu ilin avqust ayından klubda çalışan türkiyəli mütəxəssislə başa çatan müqavilənin müddəti qarşılıqlı razılıqla artırılmayıb. 4 ildən çox müddətdə akademiyada çalışan Recep Yazıcı klubun rəsmi saytına verdiyi açıqlamada bunları dilə gətirib:
"5 ilə yaxındı çalışdığım klubdan böyük qürurla ayrılıram. Qəbələdə çalışmaq – akademiyanın inkişafında rol oynamaq, Azərbaycan gəncliyinə xidmət etmək karyeramda dərin izlər buraxdı. Amma mən buradan ruhən ayrılmamışam, daim ürəyim yetirmələrimizin yanında olacaq. "Qəbələ" Futbol Akademiyasının bundan sonra da yalnız irəliyə doğru gedəcəyinə və Avropanın seçilən akademiyalarından birinə çevriləcəyinə heç şübhəm yoxdu. Sonda birlikdə çalışdığımız bütün heyət üzvlərinə, sevimli futbolçularıma uğurlar arzulayır, onlara öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, 14 yaş və aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışmış Yazıcı hazırda ölkəmizin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən bir çox futbolçunun yetişməsində əvəzsiz rol oynayıb.





