Dünən gecə saatlarında Gəncədə AZAL-ın əvəzedici heyətinin üzvü Nicat Əliyevin idarə etdiyi "KİA CERATO" markalı avtomobil yol qəzası törədib. Futbolinfo.az xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsi ilə Atatürk prospektinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində baş verib.

Gənc futbolçunun sükanı arxasında olduğu avtomobil “QAZ 31” markalı avtomobillə toqquşub. Ardından isə “KİA CERATO”-nun sürücüsü idarəetməni itirərək avtomobili yolundakı işıqfora, daha sonra hasara çırpıb. Zərbənin təsirindən işıqfor yararsız hala düşüb. Hadisə nəticəsində sürücülərə heç nə olmasa da avtomobillərə, xüsusən də "Niko" ləqəbli futbolçunun “KİA CERATO” markalı avtomobilinə ciddi ziyan dəyib. Hadisə yerinə cəlb olunan DYP rəsmilərinin verdiyi ilkin məlumata görə, qəzaya səbəb “KİA CERATO” markalı avtomobilin sürət həddini aşması olub.

Qeyd edək ki, 19 yaşlı istedadlı müdafiəçi əslən Gəncədəndi. O, ötən mövsümə kimi "Kəpəz"in əvəzedici heyətində forma geyinib. Əliyev hətta bir ara klubun o vaxtkı baş məşqçisi Mahmud Qurbanov tərəfindən Premyer Liqada mübarizə aparan əsas komandaya da dəvət alıb. Nicat cari mövsümdən isə paytaxt təmsilçisinin sıralarına cəlb olunub. Sözü gedən futbolçu qış fasiləsini doğma şəhərində keçirmək üçün yeni aldığı avtomobillə Nizami yurduna təşrif buyurub. 

Onu da nəzərinizə çatdıraq ki, futbolçunun atası da vaxtilə qeyri-rəsmi formada "Kəpəz"də çalışıb.

Shares: