"Bakı"nın müdafiəçisi Şəhriyar Əliyevin Futbolinfo.az saytına müsahibəsi
– Artıq mövsümü yarıladınız. Səncə, ilk 18 turda "Bakı" istədiyini əldə edə bildimi?
– Deyərdim ki, bəzi oyunlarımız oldu biz qalib gəlməliydik. Amma xallar itirdik. İndiki nəticəni tam pis saymaq olmaz. Çünki qarşıda daha 18 tur
var.
– Bəs 2013-cü ili özün üçün necə dəyərləndirirsiz?
– Ötən mövsümü götürsək, yaxşıdı. Çünki ötən mövsüm demək olar ki, bütün oyunlarda oynamışam. Amma bu mövsüm uğursuz oldu. Cəmi iki
oyunda meydana çıxa bildim. Zədəm daha çox oldu. İndi isə hər şey yaxşıdı. 2014-cü ilə hazırlaşıram.
– "Bakı" 2013/14 mövsümünə yeni baş məşqçi ilə başladı. Milinko Pantiç komandaya yenilik gətirə bildi? Onunla münasibətləriniz necədi?
– Münasibətim yaxşıdı. O gələndən sonra mən daha çox zədəli oldum, təlim-məşq toplanışına qatıla bilmdəim. Xeyli məşqlərdə geri qaldığım
üçün məni yaxşı görmədi. Komandaya qayıdanda isə zədədən çıxdığım üçün məni qoruyurdu. Sonun oyunlarda şans verdi.
– Mövsümdə çox az oynadın. Elə buna görə də xəbərlər var idi ki, Şəhriyar Əliyevi "Qəbələ" və "Xəzər Lənkəran" heyətində görmək istəyir…
– Bunları mən də eşitdim. Amma mənə rəsmi heç bir komanda təklif göndərməyib. Şəxsən özümlə də əlaqə saxlayan olmayıb.
– Bu mövsüm az oynadığın üçün komandadan getmək haqqında düşünmürsən? Ən azından bayaq dedin ki, Pantiç məni komandada az gördü. Yeni komandaya gedib daha çox oynaya bilərsən…
– Zədəli olduğum üçün az oynadım. Amma şükür ki, indi sağalmışam. Ürəklə məşq edib əvvəlki formamı bərpa edəcəm və yerimi geri qaytaracam.
– Artıq qış transfer pəncərəsi açılıb. Sizcə "Bakı"da yeni futbolçulara ehtiyac varmı?
– Baş məşçimiz hər şeyə qərar verəcək. O, daha yaxşı bilir.
– "Qəbələ" ilə oyunda qırmızı vərəqə aldız. Hakimin qərarı doğru idi?
– Fikrimcə, doğru qərar idi. Hakim bu qərarı veribsə, deməli düzdü.
– Milinko Pantiç həmin qırmızı vərəqədən sonra sizə nəsə dedi?
-Yox, heç bir şey demədi.
– Komandanın qarşısında bu mövsüm üçün hədəf nədir?
– Qarşıda çox oyunlar var. Bilmək olmaz nə olacaq. Amma əsas hədəfimiz ilk üçlükdə olmaq və ya kuboku qazanıb Avropaya getməkdi. Hər bir klub ən azından Avropada oynamaq istəyir. Bunun üçün əlimizdən gələni edəcəyik. Çempionatın ikinci hissəsinə hazırlaşıb, daha yaxşı yerlərdə ola bilərik.
– 2014-cü ildən nə gözləyirsən?
– "Bakı"da daha çox oynayıb, uğur qazanmaq. Bir də əsas milli komandaya çağrılmaq. Yığmamız üçün əlimdən gələn hər şeyi edəcəm.
-Yeni ili qeyd edəcəksən?
– Yox.
– Niyə?
– Çünki İslam dinində yeni il bayram deyil. Həmçinin Məhəmməd peyğəmbərin və İmam Həsənin vəfat günləri 31-dekabrda olacaq. Hər kəs müsəlmanlıq borcunu yerinə yetirib, bayram etməməlidir.
ELSEVƏR





