Ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilmiş "Neftçi" – "Qarabağ" oyunu çoxlarının yadından çıxmayıb. Bu qarşılaşmanın yaddaşlara həkk olunması isə komandaların göstərdikləri oyun yox, matçı idarə edən hakimlə bağlıdı. Söhbət FİFA referimiz Anar Salmanovdan gedir. Həmin görüş bəlkə də Salmanovun hakimlik karyerasında çıxmaq istədiyi ən son oyun olardı.
 
… və olan oldu. FİFA referisinin Premyer Liqa arzuları ürəyində qaldı. Oyunda yol verdiyi kobud səhv ona baha başa gəldi. AFFA və PFL rəsmiləri oyunun videoyazısına baxdıqdan sonra baş hakimin “Qarabağ”ın qapısına 64-cü dəqiqədə penalti təyin ediləndə (bu zaman hesab 1:0 Ağdam komandasının xeyrinə olub) qaydanın pozulmadığını üzə çıxarıb. Bu səbəbdən Anar Salmanovun mövsümün sonuna qədər Azərbaycan Premyer Liqasının heç bir oyununa təyinat almayacağı dəqiqləşmişdi. Bununla belə, Salmanovun bundan da ağır cəzaya məruz qala biləcəyi bildirilirdi. Belə ki, onun cari mövsümdən ya hakimlikdən birdəfəlik kənarlaşdırılması, ya da birinci diviziona göndərilməsi məsələsi müzakirə olunurdu. Lakin başbilənlər FİFA referisinin birdəfəlik hakimlikdən uzaqlaşdırılmasına qərar vermədi və cari mövsümdən Salmanova I divizion və kubok oyunları həvalə edildi. Beləliklə, Salmanov Elçin Məmmədovdan fərqli olaraq fit çalmağa davam etdi.
 
İndi isə bu məsələ ilə bağlı gündəmi yeni bir mövzu zəbt edib. Belə ki, Anar Salmanovun bağışlanması, yenidən Premyer Liqaya təyinat alması müzakirə məsələsidi. Artıq bir neçə gündü ki, mətbuat orqanları bu tipli xəbərlərlə çıxış etməyə başlayıb.
 
Hakimlərin cəzasından, əfvindən danışmağı sevməyən Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovla danışdıq. Lakin HK sədri yenə bu barədə danışmaqdan üz döndərdi və Salmanovun yenidən Premyer Liqada təyinat almasına bu cür qiymət verdi: "Bu xəbərlər haradan, kim tərəfindən çıxır – bilmirəm. Anar Salmanov ötən mövsümün aprel ayında cəzalanmışdı. Lakin yayda bizimlə Polşaya toplanışa getmişdi. Bu, hələ heç nə demək deyil".
 
Açıqlamadan da göründüyü kimi, Məmmədov hələ heç kimin bağışlanmayacağını bildirmək istəyir. Anar Salmanov həmin hadisədən sonra mətbuata verdiyi açıqlamada cəzadan xəbərsiz olduğunu bildirmişdi. İndi də geri dönüşündən xəbərsizdi. Salmanovun cəzası açıqlanmazdan əvvəl də bu tipli xəbərlər yayılmışdı. Görünən isə odu ki, od olmayan yerdən tüstü çıxmaz. Yəni əgər FİFA hakimimizin bağışlanması gündəmdə olmasaydı, bu cür söz-söhbətlər yayılmazdı, Xaqani Məmmədovun bunu təkzib etməyinə baxmayaraq. Onun cəzalı ola-ola FİFA referisi kimi yenidən təsdiqlənməsi də, şübhələri artırıb.
 
Bu məqamda Elçin Məmmədovu da yad etmək yerinə düşər. Çünki elə Məmmədov da həmin kubok yarışının yarımfinalında keçirilən “Xəzər Lənkəran” – “Bakı” matçından sonra hakimlikdən uzaqlaşdırılmışdı. Lakin onun qovulmasına səbəb rüşvət qalmaqalı olmuşdu.
 
Qayıdaq "əfsanənin geri dönüşü"nə, yəni Anar Salmanovun yenidən Premyer Liqaya qayıtmasına. Necə olur ki, hansı komanda olmasından asılı olmayaraq, bir klub hakimin kobud səhvi nəticəsində kubok uğrunda mübarizəni dayandırır, həmin oyunu idarə edən hakim isə 11 aydan sonra yenidən əsas liqada idarəçiliyə başlayır? Bizdən fərqli olaraq digər ölkələrdə bu cür hallara rast gəlinmir. Lakin səhvləri bir kənara qoysaq, Salmanovun Premyer Liqaya qaytarılmasına müsbət yanaşmaq olar. Elçin Məmmədov mətbuata açıqlamalarında şəxsi biznesinin olduğunu bildirmişdi. Bu isə adı çəkilən hakimin hakimlikdən gələn gəlirə ehtiyacı olmadığını göstərir. Anar Salmanovda isə vəziyyət başqadı. O heç yerdə, heç kimə şəxsi biznesi haqda danışmayıb. Hörmətli Məmmədov… Qaytarın Salmanovu, I divizionda çörək yoxdu, axı, o da evinə çörək aparmalıdı. Ümid edək ki, səhvindən nəticə çıxarıb. İstedadlar qrupunda olmasına görə də ona güzəşt etmək olar. Ancaq növbəti səhv onun üçün hakimliyə əbədi vida olmalıdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: