Xəbər verdiyimiz kimi, “Simurq” qış fasiləsində ilk transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu ötən mövsüm icarə əsasında heyətinə qatdığı Murad Səttarlı ilə ilyarımlıq müqavilə imzalayıb. Gənc yarımmüdafiəçi klubun rəsmi saytına müsahibə verərək, transferi ilə bağlı təəssüratlarını bölüşüb:
– Murad, “Simurq”la rəsmi müqavilə imzaladın. Bununla bağlı fikirlərini öyrənmək istəyərdik…
– Çox şadam ki, yenidən buradayam. Əslində, bu keçid mövsümün əvvəlində reallaşmalı idi. Lakin “Qarabağ”la olan müqaviləmi poza bilmədim. Qismət bu günə imiş. İnanıram ki, verilən bu şansı və inamı doğruldacam. Həm “Simurq” rəhbərliyini, məşqçilərini, həm də azarkeşlərimizi göstərəcəyim oyunla sevindirəcəm.
– Bu dəfə artıq sən Zaqatala təmsilçisinin futbolçususan. Necə oldu ki, yenidən məhz “Simurq”u seçdin?
– “Qarabağ”ın heyətində oynamaq şansım az olduğundan getmək qərarına gəldim. Çünki mən özümü doğrultmaq istəyirdim. “Simurq” isə mənə doğma komandadı. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün tər tökmüşəm. Burada gənc futbolçunun özünü göstərməsi üçün hər cür şərait var. Klub rəhbərliyi və məşqçilər özünü yaxşı tərəfdən göstərən oyunçuya daha da dəstək verir. Bu səbəbdən də, seçimimi “Simurq”dan yana etdim.
– Mövsümün əvvəlində aldığın ciddi zədədən sonra əməliyyat olunmusan və bu səbəbdən bir müddətdi bərpa prossesi keçirsən. Səncə, bu, “Simurq”da özünü yaxşı tərəfdən göstərməyə mane olmayacaq?
– Hər şey özümdən asılıdı. İnşallah, əziyyət çəkib bu çətinliyi də tezliklə aradan qaldıracam. Yalnız oyun təcrübəsi baxımından çatışmazlığım var. Ancaq inanıram ki, məşqçilərimində köməyi ilə yaxşı bir təlim-məşq toplanışı keçib, əvvəlki oyunumu bərpa edə biləcəm. Çünki mənə inanaraq bu komandaya dəvət ediblər. Klub prezidenti Anar Bəkirovun və baş məşqçi Georgi Çixradzenin mənə olan ümidini doğrultmalıyam.
– "Simurq" təlim-məşq toplanışına yollanır. Bu hazırlıq prossesindən gözləntilərin nədi?
– Bu cür hazırlığa mənim çox ehtiyacım var. Allahın köməyi ilə yaxşı hazırlıq keçib, çempionata gözəl start verməliyik. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Bunun üçün var gücümüzlə çalışmalıyıq. Hesab edirəm ki, komandaya uyğunlaşmaqda elə də çətinlik çəkməyəcəm və bu hazırlıq prossesindən sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacayam. “Simurq”un uğurları üçün çalışacağam.
– Səni əsas heyətə düşmək üçün çətin mübarizə gözləyir. Necə hesab edirsən, hazırda “Simurq”un əsas heyətində forma geyinməyin üçün hansı çatışmazlıqların var?
– Həqiqətən də çətin olacaq. Ancaq bu komandanı yaxşı tanıyıram. Oyun stilinə bələdəm. Təbii ki, məşqçilər də mənə inanaraq bu komandaya gəlməyimdə böyük rol oynayıblar. Qarşıdakı hazırlıqda bütün çatışmazlıqlarımı aradan götürməyə çalışacam və məşqçilərimdən şans gözləyəcəm.
– “Simurq”un hazırkı transfer dövründə ilk heyətinə qatdığı futbolçusan. Buradan azarkeşlərə nə deyərdin?
– Hər birinə dəstəyə görə "çox sağ ol" deyirəm. Onlar üçün darıxmışam. Tezliklə gözəl oyunlarımız və qələbələrimizlə azərkeşlərimizi sevindirərik.





