Qış transfer pəncərəsinin açılmasından istifadə edən klublarımız heyətini gücləndirmək üçün işə başlayıblar. Futbolinfo.az xəbər verir ki, Kamran Ağayevi transferə çıxaran “Bakı” klubunun “Sumqayıt”dan Anar Nəzirovu rənglərinə qatmaq istəməsi barədə xəbər vermişdik.
 
Bir az öncə əldə etdiyimiz digər məlumata görə, Nəzirovla digər Premyer Liqa klubumuz “Qəbələ” də yaxından maraqlanır. Hətta tərəflər arasında ilkin razılıq əldə olunub. Belə ki, “Sumqayıt”ın prezidenti Kamran Quliyev çərçivə qoruyucusunu 20 min dollar qarşılığında əyalət təmsilçisinə satmağa razılıq verib.
 
Onu da qeyd edək ki, bir neçə gün öncə Nəzirov Türkiyə PTT 1-ci liqdə çıxış edən “Fəthiyəspor”un düşərgəsində baxışda olub. Amma tərəflər razılıq əldə edə bilmədikləri üçün bu keçid baş tutmayıb. Nəzirov daha iddialı klubda oynamaq istəyini heç vaxt gizlətməyib. Heç bir problem çıxmasa, gənc qapıçı mövsümün sonlarını “Qəbələ” forması ilə tamamlayacaq.
Maraq üçün xatırladaq ki, Nəzirov əvvəllər də "Qəbələ"də çıxış edib. O, 2010-2013-cü illər aralığında məhz bölgə klubunda forma geyib.
 
KƏMALƏ İSMAYILOVA
Shares: