“Neftçi”nin yeni baş məşqçisinin kimliyi hamıya bəlli olsa da, paytaxt klubu hələ rəsmi açıqlama verməyə tələsmir. Müsahibələri ilə Nazim Süleymanovu təzyiq altına salıb istefaya məcbur edən Böyükağa Hacıyevin gec-tez əvvəlki postuna qayıdacağı həll olunmuş məsələdi. Ancaq klub rəsmiləri sanki bunun əvvəldən hazırlanmış plan olduğunu gizlətmək üçün təyinatı bir neçə gün sonraya saxlayıblar.
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov isə bizə açıqlamasında sanki iz azdırmaq istədi: “Hələ Nazim müəllimin istefasının şokundan ayılmamışıq. İstefa qərarı gözlənilməz olduğundan heç yeni baş məşqçi haqda fikirləşməmişik. Bu qərar bizi seytnota salıb. 5 gündən sonra Antalyaya getməliyik, amma məşqçimiz yoxdu. Düzdü, bu, “Neftçi” kimi klub üçün problem ola bilməz. Biz risk edib avrokubok matçına da baş məşqçisiz çıxmışıq. Toplanışa kimi vaxt az olsa da, problemi həll edəcəyik. Ad çəkməyim mümkün deyil, çünki hansısa variantımız yoxdu. Ancaq sabah iclasımız olacaq və bir çox məsələlərə orada aydınlıq gələcək”.





