“Neftçi”nin gənc hücumçusu Elşən Abdullayevin futbolinfo.az saytına müsahibəsi
 
– Artıq “Neftçi”yə qayıtmısız. Dönüşünüzlə bağlı nə deyə bilərsiz?
– Buna görə sevinirəm. Şadam ki, doğma komandama qayıdıb Antalyadakı hazırlıqlara qoşulmuşam. Yaxşı hazırlaşıb özümü sübut etmək istəyirəm.
 
– Düşnümürsüz ki, “Sumqayıt”la müqayisədə burada əsas heyətə düşmək çətin olacaq?
– Mən özümə güvənirəm. İnanıram ki, “Neftçi”də özümü göstərmək üçün şansım olacaq və özümü sübut edəcəm.
 
– Böyükağa Hacıyev “Neftçi”dəki ilk dönəmində dəfələrlə sizin oyununuzdan razı olduğunu bildirmişdi. Yenidən o, bu komandaya qayıdıb. Onunla söhbət etmisiz?
– O, hər zaman mənə dəstək olub. Çalışacam ki, onun ümidlərini doğruldum.
 
– Bir ara sizin hətta “Xəzər Lənkəran” keçidiniz barədə xəbərlər yayılmışdı. Bunlar nə dərəcədə doğru idi?
– Bu barədə mənim heç bir məlumatım yoxdu. Rəhbərlik daha dəqiq nəsə deyə bilər. Bəlkə “Neftçi”yə təklif gəlib. Amma şəxsən mənim özümə heç bir təklif olmamışdı. Bunlardan xəbərim yox idi.
 
– Gənc hücumçusuz. “Neftçi”də bu mövqedə problem yaşanır. Sizcə, komandaya yeni forvard lazımdı, yoxsa bununla kifayətlənmək olar?
– Düşünmürəm ki, komandada olan futbolçular zəifdi. Yaxşı hücumçular var. Həm Melvin Platye, həm də Bahodir Nasimov mövsümün ikinci yarısında bizə çox kömək edəcək.
 
– “Partizani”yə qarşı oyunda siz də meydanda idiniz. Oyunun əvvəlində həddən artıq passiv görünürdüz. Bu, nə ilə bağlı idi?
– Ağır məşqlərdən sonra birinci oyun idi. Ola bilər ki, yorğunluq öz sözünü dedi. Başqa bir problem yox idi.
 
– Həyəcanlı deyildiz?
– Yox.
 
– Mövsümün ilk yarısında oynadığınız “Sumqayıt” bir çox futbolçularını itirdi. Boşluqlar hələ də doldurulmayıb və komanda çox pis vəziyyətdədi. Onlar bu vəziyyətdən çıxa biləcəklər?
– Onlar da yeni transferlər edirlər. İnanıram ki, ikinci yarıda yaxşı çıxış edəcəklər. Bütün futbolçular əvəz oluna bilər. Eləcə də “Sumqayit”dan gedənlərin yeri doldurulacaq.
 
ELSEVƏR, ANTALYA
Shares: