Azərbaycan futbolunun inkişaf baxımından geridə qalması heç kimdə şübhə doğurmur. Bu baxımdan da ölkəmizi futbol sarıdan görməmiş adlandırmaq yalnış olmazdı. Milli çempionatda klubların az olması, lazımsız legionerlərin çoxluğu, az olan yerli oyunçuların yekəxanalığı və s. isə bu mənzərə ilə uzlaşmır. Əslində, problemlər yetərincədi. Sadəcə, siyahını uzadıb, mətləbdən uzaqlaşmaq istəməzdik.
 
Hazırda milli çempionatımızda yerli oyunçu qıtlığının olması hər kəsə bəllidi. Elə bəlli olan səbəbdən də bəzi yerli oyunçularımızın intizamsızlığı diqqətdən yayınmır. Bu yazıda intizamsız futbolçulardan bəhs edəcəyik. Əslində, həmin futbolçuları intizamsız adlandırmaq haradasa düzgün deyil. Çünki bu, nə intizamsızlıq, nə ərköyünlükdü, onlar sadəcə, özünü "futbolumuzun qaqaşları" kimi aparır. Elə bu qaqaşlar da milli komandamızın şərəfini qorumaq naminə qorumağa çalışırlar. Həmin oyunçulaırn yığmaya  çağırılması da məcburiyyətdən atılan addımlardı. Kimi çağırsınlar axı? Əlipaşanı? yoxsa Qasım kişini?
 
Tar-Kam(R)anım, gəl, gəl
 
Çox uzağa getməyək, götürək, Kamran Ağayevi, yazının sonunda “yerinə qoyarıq”. 2013-cü ildə futbol üzrə milli komandamızda ilin ən yaxşı qapıçısı seçildi. Seçilməli idi də. Çünki ondan başqa bu nominasiyaya heç bir namizəd yox idi. Adamın üstdə Allah var, haqqı nahaqdan ayırmağı çox yaxşı bilirik. Ağayevin ötən tsikildə millimizi biabırçılıqdan xilas edən bir  çox qurtarışları oldu. Bəlkə də Ağayev olmasa, milli komandamızın baş məşqçisi Berti Foqts çoxdan rüsvay olmuşdu. Ancaq Kamranın "seyv"ləri onun intizamsız olmasına əsas vermir. Çünki bu, onun işidi və buna görə artıqlaması ilə məvacib alır, sağlığına qismət.
 
Onun qalmaqallı şəkildə "Xəzər Lənkəran"dan ayrıldığından xəbəriniz var. Şəkil demişkən, elə saytımızda onunla bağlı yayımlanan fotodan xəbərdarsız. Eləcə də "Bakı"nın onu intizamsızlığına görə komandadan qovmasını da xəbər vermişik. Bir sözlə, Kamran şəkilini, klubunu dəyişdi, xasiyyətini dəyişmədi. Millimizin qapıçısı bu xasiyyətinə görə heç bir klubda duruş gətirə bilmədi. Verdiyi açıqlamalar, atmacaları, meyxanası və s… “İstəsəm siqaret də çəkərəm, araq da içərəm“ tipli açıqlama da üzərində Azərbaycanın dövlət atributları olan formanı daşıyan milli qapıçıya yaraşmayan açıqlamalardandı.
 
Ağayev bu gedişlə klubsuz qalacaq. Çünki heç bir iddialı klub bu intizamsızlığına görə onun xidmətində maraqlı deyil. Hadisələrin belə cərəyan etməsi Kamran üçün bəlkə də əlverişlidi. Artıq yetərincə qazanıb, bəlkə də doyub. Futbola da ehtiyacı yoxdu. Yox, əgər ehtiyacı varsa, türklər demiş, Kamran, mütləq kəndinə gəl.
 
Mahir deyir ki, “ay "brat"
 
Futbolumuzun ən qalmaqallı futbolçularından biri də Mahir Şükürovdu. "Neftçi"nin müdafiəçisi özündən razılığı ilə seçilən futbolçulardandı. Onun meydanda rəqibin gənc futbolçularına qarşı aqressiyası, bilərəkdən kobudluğu, rəqibinin üzünə tüpürməsi, yersiz açıqlamaları… Sanki alçaq dağları Şükürov yaradıb. Elə bil "Barselona"da hər oyun Aleks Sançesə hava ötürmələri edən də budu.  Düzdü, "Anji" də oynayıb, ancaq Kamerunlu Samuel Eto`O, brazilyalı Roberto Karlosla birgə yox. Hətta həmin vaxt komandanın baş məşqçisi Hacı Hacıyev də onun intizamsız futbolçu olduğunu vurğalımışdı. O, "Anji"nin heyətində "Amkar"la oyunda 1 dəqiqədə 2 sarı vərəqə almaqla Hacıyevin qəzəbinə tuş gəlmiş, heyətdən uzaqlaşdırılmışdı.
 
Mahir 28 may günü baş tutan, qalmaqalla başa çatan ölkə kubokunun finalının "qəhrəman"larından biridi. Həmin görüşdə mehriban düşmən olan Elnur Allahverdiyevə təpik atması ilə yadda qalmışdı. Bu hadisədən sonra "Neftçi" rəhbərliyinin Mahir haqda ciddi tədbir görməməsi onun intizamsızlığını bir qədər də artırdı. Hələ keçmişə qayıdıb "Olimpik" – "Bakı" oyununda etdiyi "qəhrəman"lıqdan, stadiondan gizli qaçmasından danışıb, mövzunu çox uzatmaq niyyətində deyilik. Yaxınlarda mətbuata benzinin qalxması ilə bağlı "İstəyir 1 manat olsun, biz onsuz da SOCAR-dan pulsuz benzin alırıq” açıqlaması da hər kəsin ona qarşı qəzəbinə səbəb olmuşdu.
 
Çox danışıb Mahirin qanını qaraltmaq istəmirik. Bu yaxınlarda maşınından 25 min oğurlayıblar axı. Yoxsa onun “Xəzər Lənkəran”dakı hoqqalarını, AZAL-da, “İnter”də etdiklərini, “Qəbələ”dən niyə qovulduğunu xırdalayardıq.
 
İkimizdə bir Elnur var, yarı səndə, yarı məndə
 
Yarısı "Xəzər Lənkəran", yarısı da "Qəbələ"yə məxsus olan Elnur Allahverdiyev meydanda və həyatda emosionallığı ilə seçilir. Meydanda tez-tez mübahisə edir, hətta öz komanda yoldaşını da söyməkdən çəkinmir. “Neftçi”də oynayarkən komandanın ovaxtkı baş məşqçisi Hans-Yürgen Gede ilə aralarındaki problemə görə əvəzedici heyətə göndərilmiş, alman məşqçi ilə münasibətləri düzəlmədiyinə görə “Neftçi”dən “Qarabağ”a keçmişdi. Demək olar ki, Premyer Liqanın əksər oyunlarında onun azarkeşlərlə problemi yaranır. Bu da onun peşəkar olmamasından irəli gəlir. Düzdü, söyüşü qəbul etmək üçün peşəkar olmaq lazım deyil, futbolçu işinin peşəkarı olmalıdı. Elnuru indiyə qədər oynadığı bütün komandaların azarkeşləri söyürsə, deməli, yolunda getməyən nələrsə var. Bu müdafiəçi hərdən güzgüyə baxmalıdı. Yoxsa əyalət klubundan ayrılandan sonra qəbələlilər də onu söyəcək.
 
Son söz əvəzi
 
Elə bilirsiz futbolumuzun qaqaşları elə bu 3 nəfərdi? Qətiyyən. Maşının siqnalı heyvan səsləriylə həmahəng olan Rail Məlikov, sosial şəbəkələrdə azarkeşlərlə atışan Cavid İmamverdiyev, hər oyunda bir ömürə yetəcək qədər söyüş söyən həmişəcavan qoca Ramal Hüseynov və daha neçə-neçə qəhrəmanımız var. Sadəcə, hələlik yuxarıda adını çəkdiyimiz “üçlük” vitrinə qoyulmaq şərəfinə nail olub. Hələ onların ikisinin qanında narkotik maddə tapıldığı üçün yığmada dopinq-testdə ilişdiyini, kimlərinsə gizli yardımı ilə cəzadan qurtulduğunu demədik. Belə həyat tərzinin, həyatda özünü apara bilməməyin nəticəsi beləcə qanda üzə çıxır.
 
Ağıllı olmaq, ağıllanmaq üçün gec deyil. Hələlik xasiyyətinin əzabını çəkən son futbolçu Kamran Ağayevdi. Bəlkə elə özünü yığışdırmağa, həmdərdlilərinə nümunə olmağa o başlasın?!
 
EMİN SƏFƏROV
Shares: