Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “Qarabağ” təlim-məşq toplanışını başa vurub. Futbolinfo.az xəbər verir ki, ağdamlılar sabah vətənə dönür.
Fasiləyə qış çempionu kimi çıxan Qurban Qurbanovun komandası yanvarın 7-də təlim-məşq toplanışı üçün qardaş ölkəyə yola düşmüşdü. 19 gün nəzərdə tutulan hazırlıq çərçivəsində Qurbanov yetirmələrini 3 yoxlama görüşündə sınadı. İlk yoxlama görüşündə Ruminya "Dinamo"sunu 1:0 hesabı ilə məğlub edən ağdamlılar növbəti hazırlıq oyunlarında Albaniyanın "Flamurtari" klubuna 1:2 hesabıyla məğlub oldular. 3-cu hazırlıq oyununda isə Almaniyanın “Vupertaller” komandası ilə 2:2 bərabərə qaldı.
Bu hazırlıq çərçivəsində ağdamlılar cəmi 1 transferlə yadda qaldı. Belə ki, Gürcüstan "Dinamo"sundan icarəyə götürülən Jaba Dvali mövsümün sonuna qədər ağdamlıların şərəfini qoruyacaq.
Qeyd edək ki, bu gün Qurban Qurbanovun yetirmələri Ukraynanın “Volın” komandası ilə qarşılaşmalıydı. Lakin Antalyaya yağan güclü yağış oyunun baş tutmasına mane olub.





